AZ

İran parlamenti Xəzərin bölünməsi sənədini qəbul etmir

  Ratifikasiyanın 7 ildir yubanması ən çox Rusiyanın işinə yarayır - istədiyi vaxt digər dövlətlərin ərazi sularına müdaxilə edə bilər
“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfindən imzalanıb. Ancaq İran parlamenti hələ də konvensiyanı ratifikasiya etməyib. Bu o deməkdir ki, konvensiya qüvvəyə minməyib. “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın 22-ci maddəsinə görə,  konvensiya bütün dövlətlər tərəfindən ratifikasiya olunduqda qüvvəyə minir.

Rusiya Xəzər dənizində son zamanlar hərbi aktivliyini artırıb. Bundan əlavə, Rusiya rəsmiləri tərəfindən Xəzərdən guya Qərbin təhdidləri artdığı yönündə bəyanatlar diqqət çəkir. Hətta Rusiya Prezidenti Təhlükəsizlik Şurasının iclasında Xəzərin təhlükəsizliyi məsələsi ön plana çıxarılır. İranın 7 il əvvəl razılaşdırılmış və beş Xəzəryanı dövlətin təsdiqləməli olduğu konvensiyanı bu günədək ratifikasiya etməməsinə doğru-dürüst izahat verə bilməyib. Bunu daha çox mühafizəkarların mövqeyi ilə izah etməyə çalışırlar. Amma belə görünür ki, İranın bu yubatması ən çox Rusiyanın işinə yarayır. Yəni faktiki olaraq Xəzər Konvensiyası işlək hüquqi əsasa söykənmir. Rusiya istədiyi vaxt digər dövlətlərin ərazi sularına müdaxilə edə bilər.



Referans xəbər verir ki,Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında onu qeyd etdi ki, İranın bu mövqeyi əslində dövlətlərarası etimadı zədələyir: ""Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın 2018-ci ildə imzalanmasına baxmayaraq, İranın bu sənədi hələ də ratifikasiya etməməsi ciddi narahatlıq doğurur. Bu, təkcə hüquqi və siyasi məsuliyyətin deyil, eyni zamanda regional sabitliyin və dövlətlərarası etimadın da zərbə almasına gətirib çıxarır. Konvensiyanın 22-ci maddəsində açıq şəkildə göstərilir ki, sənəd yalnız bütün Xəzəryanı dövlətlər tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minir. Hazırda isə İranın bu prosesdən yayınması Xəzər dənizində beynəlxalq hüququn tətbiqinə maneə yaradır. Belə bir şəraitdə digər tərəflərin üzərinə düşən öhdəliklər formal olaraq qüvvədə olsa da, hüquqi mexanizm tam mənada işləmir. Son dövrlər Rusiyanın Xəzər dənizində hərbi fəallığı və İranla birgə hərbi təlimlər keçirməsi Azərbaycana qarşı hesablanmış və göz dağı vermək məqsədi daşıyan bir prosesdir. Aydındır ki, İran və Rusiya Azərbaycanın regionda artan fəallığını və müstəqil xarici siyasət strategiyasını qəbul etməkdə çətinlik çəkir. Eyni zamanda İranın Xəzər dənizi ilə bağlı iddiaları tam olaraq bitmədiyi üçün rəsmi Tehran bu sənədi ratifikasiya etmir. Bu isə öz növbəsində ikili nəticə doğurur: bir tərəfdən regionda hüquqi boşluq yaradır, digər tərəfdən isə həmin boşluğun üçüncü tərəflər tərəfindən öz maraqları naminə sui-istifadə olunmasına zəmin yaradır. İranın bu mövqeyi təkcə hüquqi məsuliyyətdən yayınmaq deyil, həm də geosiyasi manipulyasiya alətinə çevrilmək riski daşıyır. Əgər Tehran bu sənədə sadiqliyini və regionda ədalətli əməkdaşlıq ruhuna bağlılığını nümayiş etdirmək istəyirsə, konvensiyanı təcili şəkildə ratifikasiya etməlidir. Azərbaycan Xəzər dənizinin hüquqi statusuna dair ədalətli və balanslı çərçivənin formalaşmasında maraqlıdır və bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirib. Eyni yanaşmanı bütün tərəflərdən, o cümlədən İrandan da gözləmək tamamilə haqlıdır. Geosiyasi gərginliklərin artdığı bir dövrdə Xəzərin hüquqi çərçivədə qorunması regional təhlükəsizliyin və dövlətlərarası etimadın əsas sütunlarından biri olmalıdır”.



Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Xəzər dənizini Rusiya və İran hərbiləşdirir: “Xəzərin bölünməsini özündə ehtiva edən "Xəzərin hüquqi statusu" haqqında konvensiya 2018-ci ildə Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə qəbul edilib. Qeyd edim ki, Xəzərin sahilyanı ölkələr arasında bölünməsi 1921 və 1940-cı il müqaviləsinə uyğun olaraq bölünüb. 70 il Xəzər SSRİ və İran arasında bölünüb. İki sahilyanı dövlət olub. İran Xəzər dənizini göl statusunda bölünməsini tələb edir. Bu onun maraqlarına cavab verir. Amma sahəsi 370 min kv olan su hövzəsi və çaylarla okeana çıxışı olan göl ola bilməz. Ona görə də 2018-ci ildə Xəzərin hüquqi statusu dəniz olaraq təsbit olunub. Ona görə də İran bununla razılaşmır. Digər sahilyanı ölkələr konvensiyanı ratifikasiya edib. İran isə manipulyasiya edir. Azərbaycan İran hökuməti ilə danışmalıdır. Prezident Məsud Pezeşkian konvensiyanın ratifikasiyasında maraqlıdır. Amma İran parlamenti və ali dini rəhbər buna qarşıdır. İranın ali dini rəhbəri Ayətullah Xamneyi Azərbaycana qarşı daima qeyri-konustruktiv mövqedədir və Rusiya ilə birgə koordinasiyalı çalışır. 7 il ərzində geosiyasi proseslər sürətlə dəyişib. Azərbaycan öz ərazilərini işğaldan azad edib. Regionda güclənib. Rusiya Ukraynaya qarşı müharibə aparır. Artıq Qərb və Rusiya Cənubi Qafqaz və Xəzər regionunda geopolitik qarşıdurmaya keçib. İranın Qərblə münasibətləri kəskindir. Belə olan təqdirdə, İran Kremlin göstərişi ilə konvensiyanı ratifikasiya etməyəcək. Hətta İran Xəzər dənizində Rusiya ilə birgə hərbi təlimləri intensivləşdirəcək. Xəzər dənizini Rusiya və İran hərbiləşdirir. Proseslər regionda yeni qarşıdurma riski yaradır. Transxəzər qaz çəkilişi gündəmdədir. İran və Rusiya buna imkan vermir. Ümumi götürdükdə Xəzər dənizinin hüquqi statusu tam olaraq həll edilməmiş qalacaq".  

Seçilən
3
referans.az

1Mənbələr