AZ

Buz kimi su içmək sizi xilas etməyəcək – Professordan XƏBƏRDARLIQ

2025-ci ilin iyul ayı ərzində günvurma halları paytaxtda və bölgələrdə artıb. TƏBİB-in məlumatına görə, təkcə Bakı şəhərində bu səbəbdən 53 nəfər təcili yardıma müraciət edib. Bəs günvurmadan necə qorunmaq olar? Yaxud bu hal baş veribsə, ilk yardım necə olmalıdır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla aktual mövzu ilə bağlı “Yeni Sabah” oxucularına bir sıra vacib tövsiyələr verib:

“Çoxları düşünür ki, bol su içməklə bu halın qarşısını almaq mümkündür, lakin əslində su içmək günvurmanın qarşısını tam olaraq ala bilmir. Bu, yalnız yardımçı rol oynayır. pizza hut

Günvurma bədəndə istilik tənzimləyici mexanizmlərin pozulması ilə xarakterizə olunur. Normalda insan orqanizmi xarici temperatur artdıqda dəridəki damarların genişlənməsi və tərin ifrazı yolu ilə özünü soyutmağa çalışır. Lakin bu prosesin də bir həddi var. Əgər insan uzun müddət ərzində birbaşa günəş altında qalırsa və ya çox isti, havasız bir mühitdə olursa, bu tənzimləmə sistemi iflasa uğraya bilər.

Günvurma zamanı damarlar həddindən artıq genişlənir, orqanizmin daxili temperaturu sürətlə yüksəlir. Nəticədə qan təzyiqi düşür, huşun itməsi baş verir, bədəni soyuq tər bürüyür və vəziyyət ağırlaşa bilər. Gecikmiş müdaxilə ölümcül nəticələrə gətirib çıxara bilər.

Su içmək orqanizmdə su balansını qorumaq baxımından vacibdir. Bu, xüsusilə də uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün önəmlidir. Buz kimi soyuq su içmək tövsiyə edilmir, çünki bu, orqanizm üçün əlavə yük yarada bilər. Nisbətən sərin su daha münasib hesab olunur.

Ancaq qeyd edilməlidir ki, təkcə su içməklə günvurmanın qarşısını almaq mümkün deyil. Bu, sadəcə riski bir qədər azalda bilər. Orqanizmin susuz qalmaması, tər yolu ilə itirilən mayenin bərpası üçün vacibdir”.

Həkim qeyd edib ki, günvurmadan şübhələndikdə ilk olaraq həmin şəxs dərhal günəşdən uzaqlaşdırılmalı, kölgəli və sərin bir məkana gətirilməlidir:

“Mümkünsə, kondisioner olan bir otaqda yerləşdirilməlidir. Daha sonra bu addımlar atılmalıdır:

Şəxs yanı üstə uzadılmalıdır ki, tənəffüs yollarında problem yaranmasın.

Alın və boyun nahiyəsinə sərin, nəm dəsmal qoyulmalı, bədən eyni üsulla silinməlidir.

Əgər şəxs ayıqdırsa və içə bilirsə, ona bol maye verilməlidir.

Huşsuz vəziyyətdədirsə və həkim nəzarətindədirsə, daxilə müdaxilə ancaq peşəkar tibbi personal tərəfindən aparılmalıdır. 

Vacib məqam budur ki, günvurma zamanı göstərilən ilk yardım, həkim müdaxiləsi qədər həyati əhəmiyyət daşıyır. Bu səbəbdən hər kəs bu cür hallarda necə davranacağını bilməlidir”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
22
yenisabah.az

1Mənbələr