AZ

"Şahdəniz" layihəsində əməliyyat xərcləri 2,5%, əsaslı xərclər 16% artıb

2025-ci ilin birinci yarısında bp və tərəfdaşları “Şahdəniz” layihəsi üzrə təxminən 1,282 milyard ABŞ dolları əməliyyat xərcləri və 472 milyon dollar əsaslı xərclər həyata keçiriblər. Bu xərclərin böyük hissəsi “Şahdəniz 2” layihəsinə aid olub.

Finss.az bp-yə istinadən xəbər verir ki, əməliyyat xərcləri ötən ilin analoji dövrü ilə müqayisədə 31 milyon dollar (2,5%), əsaslı xərclər isə 65 milyon dollar (16%) artıb.

Layihənin növbəti mərhələsi olan Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi üzrə ictimaiyyətlə məsləhətləşmələr aprel ayında başa çatıb, sənədin yekun versiyası may ayında hökumət tərəfindən təsdiqlənib. İyunun 3-də konsorsium yekun investisiya qərarını açıqlayıb.

ŞDK layihəsinin dəyəri 2,9 milyard dollar təşkil edir və məqsədi aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını təmin etməklə yataqdan maksimum qazvermə əmsalına çatmaqdır. Layihə sayəsində əlavə olaraq təxminən 50 milyard kubmetr qaz və 25 milyon barel kondensat hasil edilərək ixrac olunacaq.

Layihə çərçivəsində elektriklə işləyən, heyətsiz kompressiya platformasının (Əsasən Heyətsiz Qurğu – eNUI) tikintisi nəzərdə tutulur. Həmçinin, Şahdəniz müqavilə sahəsində və mövcud infrastrukturda yenidənqurma işləri aparılacaq. Tikinti işlərinə 2025-ci ilin sonlarında başlanması planlaşdırılır, 2029-cu ildə ŞDK platforması Şahdəniz Alfa platformasından, 2030-cu ildə isə Şahdəniz Bravo platformasından hasil edilən qazı kompressiya etməyə hazır olacaq.

“Şahdəniz” layihəsində iştirak payları belədir:

* bp (operator) – 29,99%
* LUKOYL – 19,99%
* TPAO – 19,00%
* Cənub Qaz Dəhlizi – 16,02%
* NİKO – 10,00%
* MVM – 5,00%

Fuad Mədətov
Finss.az

Seçilən
17
fins.az

1Mənbələr