Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda strateji güc mərkəzinə çevrilir. Bu proses yalnız iqtisadi inkişafla deyil, həm də siyasi və diplomatik uğurlarla müşayiət olunur. Bir sıra mühüm beynəlxalq və regional problemlərin həlli fonunda ölkənin mövqeləri güclənməkdə davam edir.
Azərbaycan Prezidentinin əminliyi ölkəmizin reguionda sabitliyin qarantı olmasına əsas yaradır. Cəmi 5 il öncə müharibə ilə üz-üzə qalan Azərbaycan bu savaşı cəmi 44 gün ərzində qazandı. Ölkə başçısı hələ Vətən müharibəsi ərəfəsində beynəlxalq mətbuata verdiyi açıqlamada Azərbaycanın haqq işini, dünyanın nüfuzlu media qurumları vasitəsilə çatdırdı. İndi artıq dünya Azərbaycanın regional bir güc mərkəzi kimi qəbul edir. İndi ölkəmizin diktəsi ilə haqq, ədalət də bərqərar olur. ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edən Azərbaycan prezidenti bu gün ABŞ-da mühüm görüşlər keçirəcək. ABŞ mediası iddia edir ki, bu görüş ərəfəsində Azərbaycanın da şərtləri var. Bu şərtlər aşağıdakılardır.
1. “907-ci düzəliş”in ləğvi – tarixi ədalətin bərpası
ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul olunmuş və Azərbaycana birbaşa yardımın qarşısını alan “Azadlığı Müdafiə Aktına 907-ci düzəliş” uzun illər Vaşinqton-Bakı münasibətlərində ciddi maneə rolunu oynayıb. Lakin Azərbaycan özünü etibarlı və mühüm enerji və təhlükəsizlik tərəfdaşı kimi sübut etdikcə, bu düzəlişin siyasi və hüquqi əsassızlığı daha da aydın görünməyə başladı.
2025-ci ildə bu düzəlişin rəsmən ləğvi Azərbaycanın ABŞ ilə münasibətlərində yeni səhifə açdı. Bu, yalnız ikitərəfli əlaqələr üçün deyil, həm də Azərbaycanın beynəlxalq hüquq və diplomatik müstəvidə qazandığı nüfuzun göstəricisidir.
2. ATƏT-in Minsk qrupunun ləğvi – Qarabağ münaqişəsinin sonu
Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik iddiasında olan ATƏT-in Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə edə bilməmişdi. Azərbaycan isə 2020-ci ildə Vətən müharibəsində qazandığı hərbi və siyasi qələbə ilə münaqişəyə son qoydu.
Bundan sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadı və onun formal olaraq ləğvi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını və regional reallıqların dəyişdiyini beynəlxalq ictimaiyyətə rəsmən qəbul etdirdi.
3. Azərbaycan-Ermənistan sülh müqaviləsi paraflanır – yeni dövrün başlanğıcı
Sülh sazişinin paraflanması, yəni ilkin razılaşdırılmış mətni üzərində razılığın əldə olunması, Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə hüquqi nöqtə qoymağa yönəlmiş mühüm diplomatik addımdır. İlham Əliyevin liderliyi ilə bu prosesə nail olunması Azərbaycanın regional sabitlik və təhlükəsizlik siyasətinin təntənəsidir.
Bu saziş həm də regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın yaradılması və gələcək iqtisadi inteqrasiyaya zəmin yaradır.
4. Naxçıvana maneəsiz gediş-gəliş təmin olunur – Zəngəzur dəhlizinə doğru
Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında uzun illər maneəli gediş-gəliş mövcud idi. Lakin sülh sazişi çərçivəsində bu məsələnin diplomatik yollarla həlli, Zəngəzur dəhlizi ideyasının reallaşmasına doğru mühüm addım kimi qiymətləndirilir.
Bu dəhlizin açılması yalnız Azərbaycanın daxili inteqrasiyasını gücləndirmir, həm də regionun logistika və ticarət xəritəsini dəyişdirərək Azərbaycanı Qafqazın əsas nəqliyyat qovşaqlarından birinə çevirir.
5. ABŞ-la strateji tərəfdaşlıq haqqında memorandum – Qlobal səviyyədə tərəfdaşlıq
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı dərinləşdirən yeni anlaşma memorandumu, iki ölkə arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdığını göstərir. Enerji təhlükəsizliyi, regional sabitlik, terrorizmə qarşı mübarizə və iqtisadi əməkdaşlıq kimi sahələr bu tərəfdaşlığın əsas sütunlarıdır.
Bu imzalanacağı gözlənilən istənilən sənəd Azərbaycanın uguruna hesablanmış bir sənəd olacaq. İstənilən sənəd Azərbaycanın qlobal siyasi gündəmdə artan çəkisinin və etibarlı tərəfdaş statusunun təsdiqidir.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Ölkə yalnız enerji sahəsində deyil, həm də diplomatik fəallıq və siyasi təşəbbüslərlə regionun aparıcı güc mərkəzlərindən birinə çevrilməkdədir.
Tarixi ədalətin bərpası, ərazi bütövlüyünün tam təmin olunması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və strateji nəqliyyat layihələrinin reallaşdırılması Azərbaycanın uğur modelinin əsas elementlərini təşkil edir. Bu model, həmçinin digər inkişaf etməkdə olan dövlətlər üçün nümunə ola bilər.
Qoşqar Salmanlı