Sea Breeze

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə pomidor istehsalı sahəsində qida təhlükəsizliyinin və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə sahibkarlarla onlayn formatda görüş təşkil edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizliyin və uyğunluğun təmin olunmasının, həmçinin əkin sahələrinin əkindən əvvəl dezinfeksiyasının, eləcə də xəstəlik və zərərverici daşıyıcısı olmayan, sağlam və sertifikatlaşdırılmış əkin materiallarından istifadə olunmasının bitki sağlamlığının qorunmasında əsas şərtlərdən biri olduğu diqqətə çatdırılıb.

Görüş zamanı zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik fitosanitar tədbirlərin həyata keçirilməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi ilə bağlı tövsiyələr verilib. Həmçinin məhsulların qablaşdırılmasında istifadə olunan ağac mənşəli materialların ISPM 15 beynəlxalq standartlarına cavab verməsinin xüsusilə ixrac prosesində fitosanitar risklərin minimuma endirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görüşdə pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün vacib olduğu vurğulanıb.

Yekunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

ETX
ETX
ETX