Sea Breeze

Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü kimi qeyd edilir. Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən oftalmoloqlar bu gün peşə bayramlarını keçirirlər. 2004-cü ildən başlayaraq avqustun 8-nin Beynəlxalq Oftalmologiya Günü kimi qeyd olunması göz cərrahiyyəsi sahəsində böyük uğurlara imza atmış sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

Bu günün təsis edilməsi ilə bağlı Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidze təşəbbüs irəli sürüb. O, dünya oftalmoloqlarına müraciət ünvanlayaraq onları həmin gün göz xəstələrinə təmənnasız məsləhətlər verməyə, görmə qabiliyyəti zəif olanları müalicə etməyə və belə şəxslərin əməliyyatlarını həyata keçirməyə səsləyib. Belə tədbirlərin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyıb. Həmin təşəbbüs təkcə Rusiyada deyil, Amerika Birləşmiş Ştatları, Yunanıstan, İtaliya, Çexiya və digər ölkələrdə də dəstəklənib.

Artıq 21 ildir qeyd edilən Beynəlxalq Oftalmologiya Günündə təbabətin bu sahəsində beynəlxalq əlaqələr qurulur, təcrübə mübadiləsi aparmaq üçün imkanlar yaradılır. Bu gün oftalmoloji yardım xəstələr üçün daha əlçatan olur, onlar yüksəkixtisaslı həkimlərin qəbuluna düşə və keyfiyyətli müalicə ala bilirlər. Dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinə və əməliyyatlar həyata keçirirlər.

Həmçinin Beynəlxalq Oftalmologiya Günündə oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə diqqət yönəldilir.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkarlamağa, səmərəli müalicə və profilaktika aparmağa imkan verir. Görmə qabiliyyətini itirməməkdən ötrü zərərli vərdişlərdən uzaq olmaq, gözləri ultrabənövşəyi şüalardan qorumaq üçün yüksəkkeyfiyyətli günəş eynəklərindən istifadə etmək, qanda şəkər, qan təzyiqi və xolesterinin səviyyəsini nəzarətdə saxlamaq, tərkibində A vitamini, Omeqa-3 və antioksidantlar olan qidaların istehlakı tövsiyə olunur. Mütəxəssislər xüsusilə uşaqların 3D filmlərə həddindən artıq baxmağını məsləhət görmürlər.

Ölkəmizdə korluğun və görmə üzrə əlilliyin profilaktikası, həmçinin əhaliyə oftalmoloji yardım daim dövlətin diqqət mərkəzindədir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu sahəyə öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Eyni zamanda, kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır. Bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini dəfələrlə yüksəldib.

ETX
ETX
ETX