Yay yavaş-yavaş sona yaxınlaşır, amma tətillər, səyahətlər mövsümü və bununla paralel, təəssüf ki, saxtakarlıq sxemləri də davam edir. Milyonlarla insanın onlayn bilet, otel və səyahət turları axtardığı zaman fırıldaqçılar xüsusilə fəallıq göstərir. Saxta saytlar, son dəqiqə təklifləri, messencerlərdə şübhəli söhbətlər – bütün bunlar təkcə pula deyil, həm də şəxsi məlumatlarınızı itirməyinizə səbəb olacaq tələlərdir.
Səyahətinizin məyusluğa çevrilməməsini təmin etmək üçün Kaspersky qısa çek list (yoxlama siyahısı) hazırlayıb – bilet almadan və onlayn qonaqlama bron etməzdən əvvəl hər şeyi nəzərə alıb-almadığınızı yoxlayın.
“Yay mövsümündə diqqətli olmaq xüsusilə vacibdir: fırıldaqçılar öz sxemlərində bayram mövzusundan fəal şəkildə istifadə edirlər. Saxta internet saytları, “son dəqiqə” turları təklif edən fişinq e-poçtları, messencerlərdə təkliflər – bütün bunlar çox gerçək görünə bilər. Təəssüf ki, bayram əhvali-ruhiyyəsində olan insan tez-tez sayıqlığını itirir. Buna görə də, rəqəmsal ehtiyatlılığı əldən verməməyi tövsiyə edirik: veb-saytları yoxlamaq, şübhəli linklərə keçid etməmək və dələduzluq hücumlarını vaxtında tanıyan və bloklayan həllərdən istifadə etmək. Sadə diqqətlilik və əsas rəqəmsal gigiyena bilikləri ilə pullarınızı, məlumatlarınızı və tətilinizi xoşagəlməz hallardan qoruya bilərsiniz”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Tətildən öncə rəqəmsal təhlükəsizliyə aparan 5 addım:
•Vebsayt ünvanını yoxlayın.
URL-nin “https://” ilə başladığına, hərf səhvləri, əlavə hərflər və ya qəribə simvollar olmadığına əmin olun.
•Geridönüşləri tətqiq edin.
Təkcə vebsaytın özündə deyil, forumlarda və sosial şəbəkələrdə bron platformasına yazılmış istifadəçi rəylərini axtarın.
•Həddindən artıq əlverişli təkliflərdən çəkinin.
Çox ucuz qiymətə tur və ya qonaqlama təklifləri çox vaxt saxta olur.
•Çat və e-poçtlarda gələn linklərə keçid etməyin.
Yalnız rəsmi tətbiqlərdən və aviaşirkətlərin, otellərin və aqreqatorların vebsaytlarından istifadə edin.
•Fişinqdən müdafiə üçün antivirus proqramından istifadə edin.
Müasir həllər zərərli saytları ziyarət etməyinizə imkan vermədən onları bloklamağa kömək edəcək.