Ajans.az Haber Global-a istinadən xəbər verir ki,ötən il ölkədə cəmi 686 min 61 körpə dünyaya gəlib. Eyni dövrdə ölüm halları doğum sayını təxminən 1 milyon nəfər üstələyərək 1 milyon 605 min 298-ə çatıb. Rəsmi məlumatlara görə, əcnəbilər də daxil olmaqla, ölkə əhalisi 2024-cü ilin sonuna əvvəlki ilə nisbətən 554 min 485 nəfər azalaraq 124 milyon 330 min 690 nəfər təşkil edib. Bu, illik 0,44 faizlik azalma deməkdir. Yapon vətəndaşlarının sayı isə 908 min 574 nəfər azalaraq 120 milyon 653 min 227-ə enib. Bu göstərici son 16 ildir ardıcıl olaraq azalır və 2024-cü ildə qeydə alınan 0,75 faizlik eniş 1968-ci ildən bəri ən böyük illik azalma olub. Regionlar üzrə Tokioda 14 milyon 2 min 534 nəfərlə ən yüksək əhali sayı qeydə alınıb. Paytaxtı 9 milyon 202 min 559 nəfərlə qonşu Kanaqava, 8 milyon 771 min 961 nəfərlə isə Osaka izləyib. Kənd rayonlarında isə əhali yarım milyon civarındadır. Məsələn, Tottoridə 534 min 3, Simaneda 641 min 590, Koçidə isə 664 min 863 nəfər yaşayır.