AZ

Azərbaycanın sülh strategiyası konstruktiv təşəbbüslərə əsaslanır

Prezident İlham Əliyevin «Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir» sözləri ABŞ görüşündə də reallaşacaq

Müharibələrin, milli münaqişələrin, terror aktlarının, təbii fəlakətlərin, qlobal güclərin milli maraqlarının çarpazlaşdığı, rəqabətlərin davam etdiyi bir vaxtda beynəlxalq ictimaiyyətin diqqətinin okanın o tayına-Amerika Birləşəmiş Ştatlarına yönəlməsi təsadüfi deyil. Qlobal çətinliyinə, incə məqamlarla zənginliyinə görə daha çox ehtiyat, səriştəli siyasi gedişlər tələb edən Azərbaycanla Ermənistan arasındakı danışıqların növbəti ünvanının Birləşmiş Ştatlar seçilməsi bu zərurəti gündəmə gətirib. Xəbər verildiyi kimi, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli və üçtərəfli görüşləri planlaşdırılır.

Prezident Donald Trampın təşəbbüsü ilə gerçəkləşəcək, Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin möhkəmlənməsi, regional sabitlik və qlobal təhlükəsizlik , siyasi, iqtisadi və təhlükəsizlik baxımından fərqlənən görüşün Cənubi Qafqazda sülh prosesinə töhfə verəcəyinə inam böyükdür. Siyasətçilər xəfif də olsa razılaşmaların gözlənildiyi, regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasını şərtləndirəcək görüşü ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı kimi də dəyərləndirirlər.

Bəllidir ki, Birləşmiş Ştatların Bayden-Blinken Administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində ciddi gərginliklər yaşandı. Əfqanıstan əməliyyatlarının başa çatmasından dərhal sonra Bayden Administrasiyası nankorcasına «Azadlığa Dəstək Aktı» na 907-ci düzəlişi yenidən canlandırdı və bundan Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadəyə cəhdlər göstərildi. Ötən əsrin sonlarında ABŞ Konqresində qəbul edilən bu düzəliş və Azərbaycanın regional siyasətinə qarşı əsassız ittihamlar Vaşinqton və Bakı arasında əlaqələrin səmərəliliyinə mənfi təsir göstərdi. Lakin Azərbaycan hökumətinin prinsipial mövqeyi və Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü diplomatik strategiyası sayəsində bu təzyiqlər real nəticələrə gətirib çıxarmadı. Hazırda isə Donald Tramp Administrasiyasının rəhbərliyi ilə münasibətlər yenidən yüksələn xətt üzrə inkişaf edir və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni imkanları formalaşır, qarşılıqlı inam və etimada əsaslanan prinsiplər əsasında inkişaf edir. «Bayden-Blinken Administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib» söyləyən Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını Bayden-Blinken Administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

Donald Trampın Birləşmiş Ştatların Prezidenti səlahiyyətlrini qazandığı ilk gündən iki ölkə arasında səmimi münasibətlər bərpa olundu. ABŞ Prezidentinin əlamətdar günlərdə Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqını təbrik etməsi, iki dövlət arasındakı strateji əməkdaşlığı yüksək dəyərləndirməsi qarşılıqlı etimadın təzahürüdür. Prezident Donald Trampın öz sosial şəbəkə hesabında Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı ilə bağlı paylaşımı, dövlət başçmızın bu cür diqqət üçün amerikalı həmkarına minnətdarlıq etməsi dünya siyasətində az təsadüf olunan siyasi həmrəylik nümunəsidir. «Əslində, biz buna ümid edirik və düşünürəm, hazırda Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, biz düz yoldayıq. Biz normal münasibətlərə qayıdırıq» söyləyən Prezident İlham Əliyev vurğuyıb ki, biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir. Yaxın gələcəkdə də ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr gözlənilir.

Bu da səbəbsiz deyil. Donald Trampın ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri müsbət istiqamətdə davam edib. Siyasi sabitliyə daim önəm verən ABŞ Prezidenti qlobal məsələlərin həllinə, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, Cənubi Qafqazda sabitliyin bərpası proseslərində fəal iştirak edir.

Ağ Evin hazırkı rəhbərini müharibələrə son qoyan şəxs adlandıran Prezident İlham Əliyev «Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq» sözləri ilə ABŞ Prezidentinin çoxşaxəli iş prinsipini Cənubi Qafqazda sabitliyin təminatı baxımından daha xarakterik adlandırır: «Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, «Vaşinqton bataqlığını» dibinə qədər qurutsun.»

Vaşinqton görüşü bu istiqamətdə atılan ən önəmli addımdır. Açıqlamalarda qeyd olunduğu kimi, görüşün məqsədi Cənubi Qafqazda sabitliyin təminatına töhfə olacaq Azərbaycanla Ermənistan arasında düyünə düşən sülh razılaşmasının mümkünlüyü ilə bağlı müəyyən addımların atılmasıdır. Ağ Evin bu təşəbbüsü bir daha göstərir ki, rəsmi Vaşinqton məsələyə həssas və tərəfsiz yanaşma prinsipinə üstünlük verir. Əvvəlcədən də qeyd olunduğu kimi, mətni artıq hazır olan sülh sazişinin heç bir müdaxilə olmadan imzalanmasına elə ciddi bir maneə yoxdur. Rəsmi Bakı ilə ABŞ arasında yeni strateji müttəfiqlik modeli olan ikitərəfli siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi, Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi baxımından dəyərləndirilən görüş tarixi əhəmiyyəti ilə də diqqət çəkir.
 Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycana xüsusi önəm verməsi, enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirib. Hazırkı səfər də məhz bu yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin ABŞ-a hazırkı səfəri Vaşinqton-Bakı xəttində siyasi təmasların dərinləşməsi və qarşılıqlı hörmətə söykənən strateji münasibətlərin institusional xarakter alması baxımından xarakterikdir.

Enerji və ticarət, rəqəmsal iqtisadiyyat və süni intellekt, Bİrləşmiş Ştatların qabaqcıl texnologiyalarının və investisiyalarının Azərbaycanın qeyri-neft sektoruna cəlbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq iktərəfli əməkdaşlığın ənənəvi istiqamətərindəndir. «Əsrin müqaviləsi»nin hazılandığı, neft strategiyasının həyata keçirildiyi ilk mərhələdən başlayaraq Xəzər regionunun zəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz və səmərəli şəkildə nəqlinə tərəfdar olan ABŞ-ın, xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla həyata keçirilməsində rolu ilə fərqlənən Donald Tramp Administrasiyasının diplomatik dəstəyi strateji əhəmiyyətli yardım idi. Müdafiə sənayesi sahəsində əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə və regional sabitliyin təmin olunması istiqamətində qarşılıqlı fəaliyyət iki ölkənin strateji maraqlarının və təhlükəsizlik öhdəliklərinin uyğunlaşmasının əyani göstəricisidir. Belə qarşılıqlı anlaşma şəraitində keçiriləcək görüşün müsbət məntiqi nəticəsi gözləniləndir. Sülh sazişinin düyünə düşən bəndlərindən olan Ermənistan konstitusiyasında və Müstəqillik Bəyannaməsində ərazi iddialarını əks etdirən müddəaların dəyişdirilməsi, eləcə də Zəngəzur dəhlizinə dair açıq suallar bütün görüşlərdə sülhə ehtiyatla yanaşması tələb edilir. Vaşinqton danışıqlarında da bu məsələlər aktuallığını qoruyacaq. Bu şərtlərin ilk sırasında ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulması və Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması dayanır. Bu tələblər ikitərəfli münasibətlərin normallaşması ilə yanaşı, regionda sülhün və əməkdaşlığın davamlı əsaslarla qurulmasına xidmət edir.

Rəsmi Bakının sülh müqaviləsinə dair beynəlxalq hüquqa əsaslanan şərtlərinin Ermənistan revanşistlərinin təxribat xarakterli məqsədlər naminə istifadə etmələri Paşinyanı daxili auditoriya və müxalifət qarşısında çətin vəziyyətə salır. Ötən ay Birləşmiş Ərəb Əmirliklərində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün sağlam atmosfer şəraitində keçməsi, ümidverici nüansların açıqlanması Vaşinqtonda baş tutacaq görüşə ümidləri artırır. 44 gün davam edən İkinci Qarabağ müharibəsində torpaqlarını Ermənistanın işğalından azad, 2023-cü ilin sentyabrında tam və qəti suverenleyini bərpa edən Azərbaycan öz gücü ilə ən çətin problemi, münaqişənin ən mürəkkəb mərhələsini «Qarabağ Azərbaycandır!» kəlamı ilə reallaşdırıb. Xarici təsirlərin, yersiz müdaxilələrin qarşısını qanunlar çərçivəsində alan Azərbaycan demək olar ki, ədalətli sülh üçün münbit şəraiti də öz gücü, diplomatiyası ilə yaradıb. Yəni, Vaşinqton görüşü üçün ərazi bütövlüyünün toxunulmazlığı kimi mürəkkəb məsələnini həllinə ehtiyac qalmır. Beləcə real sülh üçün münbit stimul yaranır.

Nəzərə alaq ki, Azərbaycanın dünyanın enerji və nəqliyyat xəritələrinin yenilənməsindəki rolu rəsmi Vaşinqtonun xarici siyasətinə tam uyğundur. Tükənməz potensialı ilə Qərbin enerji təhlükəsizliyini təmin edən Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal layihələri ilk günlərdən dəstəkləyən ABŞ təbii ki, tərəflər arasında sülh sazişinin imzalanmasına dəstək göstərməklə dünyada humanitar dövlət kimi tanınımaq niyyətini də gizlətmir.

Amma hələ də Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün Ermənistana müxtəlif vasitələrlə təsir göstərən, Azərbaycan əleyhinə təxribat kampaniyalarını genişlədirən Rusiya faktorunu da unutmaq olmaz. Orta Dəhliz layihəsinin ayrılmaz tərkib hissəsi və Əbu- Dabi görüşünün ən yaddaqalan məqamlarından olan Zəngəzur dəhlizinin bərpasına özlərinə sərf edən məqamlardan yanaşan bölgə dövlətlərinin maraqları da unudulmamalıdır. Çox ehtimal ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun bu günlərdə Kremldə Prezident Vladimir Putinlə üç saat davam edən görüşündə də çox guman ki, Cənubi Qafqazla bağlı məqamlara aydınlıq gətirilib. Müxtəlif danışıqlarda Azərbaycan kimi Ermənistan rəsmiləri də dəfələrlə bildiriblər ki, sülh sazişinin heç bir kənar müdaxilə olmadan imzalanması Cənubi Qafqazda sabitliyin bərpası baxımından ən etibarlı, qarşılıqlı etimada əsaslanan variantdır. Lakin Azərbaycandan fərqli olaraq Ermənistanın bütün sahələrində , ən başlıcası isə hərbi strukturunda Rusiyanın təsir gücü ən ciddi narahatlıq doğuran məsələdir. Bu cür çətin, həm də vacib problemlərin ABŞ görüşündə həllinin mümkünlüyünə inam çoxdur. Vaşinqton sülh sazişinə uzanan yolun bələdçisi ola bilər. Azərbaycan Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülhün qurulması üçün yeni əsaslar yaradır. Bu gün Bakı qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqi çərçivəyə salınması mərhələsinə qədəm qoyub.

Sülh sazişinin şərtlərindən olan Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması Qlobal Cənub üçün geoiqtisadi məkan, sabitlik baxımından zəruridir. ABŞ müzakirələrində bu məsələlərin hüquqi və texniki aspektlərinin həlli yolları ilə bağlı təkliflər gözlənilir. Azərbaycanın sülh strategiyasının uğurlarından sayılan bu səfərin illərdən bəri ölkəmizə yönəlmiş siyasi təzyiqlər, informasiya manipulyasiyaları üzərində diplomatik qələbəsi olacağına əminlik böyükdür. Keçiriləcək danışıqlar yalnız Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqaz regionu və beynəlxalq diplomatiya üçün model xarakteri daşıyacaq. Azərbaycanın qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilməsi üçün yeni bir mərhələnin başlanğıcı olacaq Vaşinqton danışıqları Azərbaycanın mübarizlik simvolu kimi tarixə yazılacaq.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
15
ikisahil.az

1Mənbələr