Ajans.az NBC news-a istinadən xəbər verir ki,şəxsiyyətlər ailələrlə əlaqə və qalıqların qabaqcıl DNT analizi vasitəsilə təsdiqlənib. Yeni müəyyən edilən şəxslər Nyu-Yorkun Floral Park sakini Ryan Fitzgerald, Kaliforniyanın Palm Springs şəhərindən Barbara Keating və ailəsinin istəyinə əsasən adı açıqlanmayan bir qadındır. Baş tibbi ekspert Ceyson Qrem bildirib ki, “Dünya Ticarət Mərkəzində baş vermiş faciədən təxminən 25 il keçməsinə baxmayaraq, itkin düşənlərin müəyyən edilməsi və qalıqların ailələrinə qaytarılması öhdəliyimiz dəyişməz olaraq qalır.” Bu üç şəxs hücumlarda müəyyən edilən 1651-ci, 1652-ci və 1653-cü qurbanlar olub. Onların qalıqları müvafiq olaraq 2001 və 2002-ci illərdə tapılıb. Keating və Fitzgeraldın adları, rəsmi olaraq yeni müəyyənləşdirilsələr də, artıq Nyu-Yorkdakı 11 Sentyabr Memorialında həkk olunan 3000-ə yaxın ad arasında yer alır. Tibbi ekspertiza idarəsinin məlumatına görə, hələ də 1100-ə yaxın qurbanın şəxsiyyəti müəyyən edilməyib. 2001-ci ilin 11 sentyabrında həyata keçirilən hücumlar nəticəsində Nyu-Yorkda 2753 nəfər daxil olmaqla ümumilikdə 2977 nəfər həlak olub. Qaçırılmış sərnişin təyyarələri Dünya Ticarət Mərkəzinin əkiz qüllələrini dağıdıb, bir təyyarə Pentaqona çırpılıb, United Airlines-ın 93 saylı reysi isə Pensilvaniyada qəzaya uğrayıb.