Politoloq Fərhad Məmmədov sosial şəbəkələrdə bu gün Vaşinqtonda müzakirə olunacaq əsas mövzuları və imzalanması gözlənilən sənədləri qeyd edib.
“Report”un verdiyi məlumata görə, politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri tarix səfər olacaq, çünki onun çərçivəsində Azərbaycan və ABŞ arasında münasibətlərin yeni səviyyəsinin təməli qoyulacaq, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı qərarlar qəbul ediləcək – sülh prosesində geridönüş nöqtəsi aşılacaq.
O, açıq mənbələrdə olan məlumatları sistemləşdirib.
Azərbaycan-ABŞ ikitərəfli münasibətləri
"Prezident İlham Əliyev ABŞ-də seçkilərə bir neçə ay qalmış Trampın siyasi baxışlarını bölüşdüyünü açıq şəkildə bildirmişdi. Bu, Vaşinqtonda demokrat administrasiyasının tam hakimiyyətə sahib olduğu bir dövrdə cəsarətli bəyanat idi. Təsadüfi deyil ki, Prezident Tramp bu yaxınlarda Prezident İlham Əliyevin fikirlərini öz səhifəsində paylaşmışdı... Trampın prezidentliyi dövründə liderlər arasında məktub mübadiləsi və telefon danışığı aparılıb, Trampın şəxsi nümayəndəsi Bakıya səfər edib. Müasir dövrdə siyasətçilər arasında şəxsi münasibətlər mühüm rol oynayır!", - politoloq yazıb.
Səfər nəticəsində Strateji Tərəfdaşlıq Xartiyasının inkişafı məqsədilə Strateji İşçi Qrupunun yaradılması planlaşdırılır. Enerji, ticarət, logistika, süni intellekt, rəqəmsal infrastruktur və əlbəttə ki, təhlükəsizlik və müdafiə sahələrində prioritetlər müəyyən edilib. Qeyd edək ki, burada Bayden və Blinkenin ideologiyalaşdırılmış xarici siyasətinə heç bir işarə yoxdur...
Əlbəttə ki, bu gündəliyin həyata keçirilməsi üçün ədalətsiz 907-ci düzəliş qüvvədən salınmalıdır.
"Azərbaycan həmişə ABŞ ilə praqmatik münasibətlərin tərəfdarı olub və indi ABŞ-də də praqmatizmin qalib gəldiyi dövr yetişib. Bir daha Prezident İlham Əliyevdən "zamanı necə hiss etməyin" lazım olduğuna dair nümunənin şahidi oluruq!", - politoloq qeyd edir.
Azərbaycan-Ermənistan sülh gündəliyi
Görüşlər çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh xarakterinin təsdiqlənəcəyi birgə bəyannamənin imzalanması nəzərdə tutulur. Həmçinin tərəflər ATƏT-in Minsk qrupunun (MQ) buraxılması ilə bağlı ATƏT-ə müraciət etməyə və "qeyd olunan sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə addımlar atmağa" razılaşıblar. Bu, Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü ədalətli şərtlər silsiləsində vacib elementdir.
Onu da vurğulayaq ki, bütün bunlar ATƏT MQ-nin həmsədri olan və təşkilat üzvlərinin əksəriyyətinə təsir gücünə malik olan ABŞ-nin Prezidentinin iştirakı ilə baş verəcək!!!
Azərbaycanın birinci şərtinin reallaşdırılması ilə yanaşı, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ikinci şərtin həyata keçirilməsinin də təməli qoyulur və sülh sazişinin ratifikasiya prosesi referendumun nəticələri ilə şərtləndirilir! Paraflanmış müqavilə mətni razılaşdırılmış maddələrin dəyişməz qalacağına zəmanət yaradır.
Zəngəzur dəhlizi olacaq!
Bu, kommunikasiyaların açılması prosesi çərçivəsində yeganə kommunikasiya üçün xüsusi rejim olacaq. Və bu, ABŞ-nin iştirakı ilə Ermənistanın suveren qərarı olacaq. Prezident İlham Əliyevin barəsində danışdığı maneəsizlik və beynəlxalq təhlükəsizlik zəmanətləri Ermənistan və ABŞ arasında saziş çərçivəsində həyata keçiriləcək!
Prezident İlham Əliyev regionda sülh gündəliyini formalaşdırıb və onun həyata keçirilməsinə doğru planlı şəkildə irəliləyib. Beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün və suverenliyin bərpası, Ermənistanla sülh sazişi təşəbbüsü, bu sazişin mətninin razılaşdırılması və kommunikasiyaların açılması ilə bağlı prinsipial mövqe...
"Bütün bunlar həm "yerdə", həm də BMT TŞ səviyyəsində yaradılan maneələr şəraitində baş verirdi. Prezident İlham Əliyev dözümlülük və təmkin nümayiş etdirib, Azərbaycanın baxışını irəli sürüb, kənardan daxil olan təklifləri konstruktivlik çərçivəsinə salmağa çalışıb, Baydenlərin, Blinkenlərin, Makronların və Borrellərin təzyiq cəhdlərində isə onların təhdid və şantajları qarşısında geri çəkilməyib. Bu gün keçmişlə bağlı bir çox mövzular bağlanır və gələcəyə dair yeni mövzular açılır!", - Fərhad Məmmədov vurğulayıb.