AZ

Vaşinqton görüşü Cənubi Qafqazda güc balansını dəyişə bilər ŞƏRH

Bakı, 8 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Prezident Donald Trampla nəzərdə tutulan yüksəksəviyyəli görüş yalnız ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması deyil, ümumiyyətlə, Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi vəziyyətə təsir edə biləcək möhtəşəm hadisə kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, bu səfər Azərbaycanın çoxqütblü və balanslaşdırılmış xarici siyasətinin daha bir bariz nümunəsidir. Azərbaycanla ABŞ arasında diplomatik əlaqələr zaman-zaman müxtəlif səviyyələrdə inkişaf etsə də, tərəflər enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə və regional sabitlik kimi önəmli sahələrdə əməkdaşlığı gücləndirərək strateji tərəfdaşlığa doğru irəliləyişlər əldə ediblər. Prezident İlham Əliyevin bu səfəri İkinci Qarabağ müharibəsindən sonra baş verir ki, bu da Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionda yeni reallıqları formalaşdıran güclü aktor kimi dialoqa qatılması deməkdir. Bu baxımdan Vaşinqton üçün Azərbaycanla əməkdaşlığın yalnız enerji və iqtisadi sahələrdə deyil, həm də regional təhlükəsizlik və sabitlik məsələlərində bərabərhüquqlu və fəal xarakter alması strateji əhəmiyyət daşıyır.

“Prezident İlham Əliyevin ABŞ-a səfəri, həmçinin Cənubi Qafqazda davamlı sülhün təmin olunması məsələsində Azərbaycanın əsas aktor mövqeyini möhkəmləndirəcək. 2020-ci ildən sonra yaranmış yeni vəziyyət Ermənistanla sülh prosesinin Azərbaycanın qoyduğu şərtlər əsasında davam etdirilməsini qaçılmaz edir. Vaşinqtonun bu prosesdə vasitəçilik rolu uzun müddətdir mövcud olsa da, bu dəfə danışıqlar masasında tam ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş güclü Azərbaycan tərəfi oturur. ABŞ və Azərbaycan münasibətlərinin kontekstində bu sülh təşəbbüslərinə veriləcək siyasi dəstək həm də Ermənistan daxilində revanşist qüvvələrə ciddi xəbərdarlıq mesajı olacaq.

Eyni zamanda, bu səfər Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin ABŞ ilə əlaqələr istiqamətində möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın qlobal güclər arasında milli maraqlara söykənən balanslı siyasəti ölkəmizə beynəlxalq arenada özünəməxsus mövqe qazandırıb və sübut edir ki, Azərbaycan heç bir güc mərkəzinin təsir dairəsində qalmadan, müstəqil və strateji qərarlar qəbul edən suveren dövlətdir”, - deyə deputat əlavə edib.

Müsahibimiz xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə 907-ci düzəlişə dair daimi sanksiyalar tətbiq olunub. Bu düzəlişə əsasən, ABŞ dövlət büdcəsindən Azərbaycana birbaşa yardımın verilməsi məhdudlaşdırılırdı. Prezident Trampın dövründə isə Azərbaycanın təhlükəsizliyinə və regional stabilliyə dəstək mövqeyi möhkəmləndirildi. Bu da iki ölkə arasındakı strateji əməkdaşlığın dərinləşməsində önəmli faktorlardan biri oldu.

“Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi işgüzar səfər Azərbaycan və ABŞ arasındakı münasibətlərdə mövcud olan müsbət dinamikanın davamlı olduğunu bir daha göstərir. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsi və yeni əməkdaşlıq formatlarının qurulması üçün mühüm zəmin yaradacaq”, - deyə Elnarə Akimova fikrini tamamlayıb.

 

Seçilən
12
6
azertag.az

10Mənbələr