Ölkədəki Katolik kilsəsinin ali nümayəndəlik orqanı olan İspaniya Yepiskoplar Konfransı (CEE) Mursiya əyalətinin Xumilya bələdiyyəsində müsəlmanların dini bayramlarının ictimai yerlərdə qeyd edilməsinə qoyulan qadağanı pisləyib.
CEE bəyanatında vurğulanır ki, belə bir qadağa İspaniya Konstitusiyası ilə təmin edilən əsas insan hüquqlarından biri olan din və ibadət azadlığını pozur.
Sənəddə qeyd edilir ki, bu cür məhdudiyyətlər, Xumilya hadisəsində olduğu kimi, “demokratik cəmiyyətdə yolverilməz olan ayrı-seçkilik formasını təşkil edir”.
İspaniya Konstitusiyasının 16.1-ci maddəsinə deyilir: “Şəxslərin və icmaların fikir, din və ibadət azadlığı qanunla qorunan ictimai asayişin təmin edilməsi üçün zəruri olanlardan başqa məhdudiyyətlər qoyulmadan təmin edilir”. Yepiskoplar vurğulayıblar ki, hakimiyyət yalnız ictimai asayiş üçün real təhlükə olduqda müdaxilə edə bilər.
Bundan əlavə, bəyanat Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsini xatırladır ki, ona görə “hər kəsin fikir, vicdan və din azadlığı hüququ var”, o cümlədən öz dinini və ya əqidəsini dəyişmək azadlığı, habelə tədris, etiqad, ibadət və ayinlər vasitəsilə fərdi və ya kollektiv surətdə öz dinini etiqad etmək azadlığı.
Təxminən 1,5 mini müsəlman olmaqla 27 minə yaxın insanın yaşadığı Xumilyada ifrat sağçı Vox partiyasının təşəbbüsü və bələdiyyə şurasında hakim sağ mərkəzçi Xalq Partiyasının dəstəyi ilə ictimai yerlərdə müsəlmanların dini bayramlarının qeyd olunmasının qadağan edilməsi barədə qərar qəbul edilib.
İspaniyada ilk belə hal olan qərar qəzəb dalğasına səbəb olub. Sol partiyalar ifrat sağın bu islamofobik təşəbbüsünü kəskin şəkildə pisləyiblər.
Mərakeşli Miqrantların İnteqrasiyası Assosiasiyası da Xumilya bələdiyyə şurasının qərarını pisləyərək, bunu “antidemokratik” adlandırıb və bunun bərabərlik prinsipini pozduğunu bildirib. Assosiasiya mərkəzi hökuməti dərhal müdaxilə etməyə çağırıb.
“El Pais” qəzeti “İslamofobiya institusionallaşır” başlıqlı redaksiya məqaləsində vurğulayır ki, Vox partiyasının Xumilyadakı təşəbbüsü geniş milli tedensiyanı əks etdirir.
Bəyanatda həmçinin İspaniyanın ən böyük siyasi qüvvəsi və rəsmi müxalifəti olan Xalq Partiyasını ifrat sağa tədricən daha çox güzəştə getdiyinə görə tənqid edib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”