Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.
İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq kəndində (Xocavənd rayonu – red.) donuz və toyuq fermaları tikintisi işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır.
“Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər”, - deyə o bildirib.
Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.