Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, iclasda işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planından irəli gələn tədbirlərə dair birinci yarımillik ərzində görülən işlər barədə ətraflı məlumatlar təqdim edilib və müzakirələr aparılıb.
Fəaliyyət Planı üzrə icra müddəti cari ilin birinci yarım ili ərzində başa çatmış tədbirlər, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin maarifləndirilməsi və maliyyələşdirilməsi, bank, sığorta və kapital bazarlarının inkişafı, maliyyə savadlılığının və inklüzivliyinin artırılması və digər mövzular üzrə aidiyyəti tədbirlər barədə görüş iştirakçıları məlumatlandırılıb, sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, işçi qrupunun 22 may 2025-ci il tarixli iclasında qəbul edilmiş qərarların icra vəziyyətinə dair hesabat müzakirə edilib.
Mərkəzi Bankın və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin sədarəti ilə keçirilən iclasda İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Biznesin İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Kredit Bürosunun, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyasının nümayəndələri və özəl sektorun işçi qrupunda təmsil olunan üzvləri iştirak edib.