AZ

Putin-Tramp görüşü və Yeni Berlin Divarı - TƏHLİL

2025-ci ilin yayında dünya yenidən tarixin bəzi səhifələrini vərəqləməyə məcbur olur. Rusiya ilə ABŞ arasında son həftələr yaşanan gərgin diplomatik dialoq analitikləri 1962-ci ilin Karib böhranı ilə paralellər aparmağa sövq edir. Həmin böhran zamanı dünya nüvə müharibəsinin astanasına qədər gəlmişdi, lakin sonda Moskva və Vaşinqton anlaşaraq Kuba və Türkiyədəki raketləri geri çəkməklə bu təhlükəni aradan qaldırmışdılar.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkofun Moskvaya səfəri, daha sonra Trampın avropalı liderlərlə, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparması prosesin təkcə iki ölkə arasında deyil, qlobal maraq balansı çərçivəsində getdiyini göstərir.

Tramp Moskvada keçirilən görüşdən sonra bildirib ki, Uitkofun Moskva danışıqları gözləniləndən daha məhsuldar keçib. Bu açıqlama sanki ilkin “razılaşmanın” olduğu ehtimalını doğurur. Rusiya prezidentinin müşaviri Yuri Uşakovun “Putin-Tramp görüşü gələn həftə olacaq” açıqlaması isə bu ehtimalı gücləndirir. Hazırda tərəflər, görünür, ümumi eskalasiyanı dayandırmaq, “apokalipsis ssenarisi”ndən yayınmaq üçün minimal baza formalaşdırmağa çalışırlar.

Qeyd edək ki, Tramp-Putin görüşünün hələlik nə vaxt və harada keçiriləcəyi məlum deyil. Müxtəlif tarixlər və şəhərlər müzakirə edilir.

Görüşdən gözləntilər böyükdür. Bəzi ekspertlər isə görüşdən sonra Rusiya və ABŞ arasında münasibətlərin daha da gərginləşə biləcəyini istisna etmir.

Analitiklər iki ölkə arasında Yeni Berlin Divarının çəkiləcəyini düşünür. 1961-ci ildə çəkilən Berlin Divarı fiziki sərhəd olmaqla yanaşı, ideoloji uçurumun da simvolu hesab edilirdi. Bu divar “soyuq müharibə”nin təzahürü idi. İndi isə yeni “divar” fiziki yox, diplomatik, iqtisadi və informasiya sahəsində çəkilmək üzrədir.

Putin bu görüşə çox böyük önəm verir. O, artıq bir çox həmkarı - Çin, Qazaxıstan, Özbəkistan, Belarus liderləri ilə danışıqlar aparıb və Trampla görüş barədə müzakirələr aparıb.

Putin 2007-ci ildə Münhen çıxışından bəri Qərbə qarşı mübarizəni ideoloji çərçivəyə salıb və “kollektiv Qərb”i Rusiyanın əsas təhlükəsi kimi təqdim edib. Bu xəttin dəyişməsi üçün Putinə “real qələbə” lazımdır, məsələn, Ukraynanın NATO-ya yaxınlaşmasının tamamilə qarşısının alınması, və ya Rusiyanın işğal etdiyi ərazilərin de-fakto tanınması kimi...

Digər tərəfdən, Tramp da daxildə və xaricdə “sülh gətirən lider” obrazını gücləndirmək istəyir. Beləliklə, tərəflərin ortaq marağı var: qələbə kimi təqdim oluna biləcək sabitlik sazişi.

Əldə olan məlumatlara görə, görüşün keçirilməsi üçün İstanbul seçilib. Bu təsadüfi deyil: həm Rusiya, həm də Qərb üçün neytral imicə malik olan Türkiyə, həm də regionda real təsir gücünə sahib ölkədir. Əgər 1945-ci illərdə Yalta və Potsdam qərarları Avropanı bölüşdürmüşdüsə, XXI əsrin yeni xəritəsi İstanbulda çəkilə bilər.

Amma bir fərq var: bu dəfə dünya təkcə coğrafi deyil, rəqəmsal və ideoloji olaraq da parçalanır. Yeni Berlin Divarı bəlkə də tikanlı məftil və beton bloklarla deyil, kiberməkanda, informasiya platformalarında, texnoloji sanksiyalarda və “rəqəmsal müttəfiqliklərdə” ucaldılacaq.

Təcrübə göstərir ki, diplomatiyada “divar”lar bəzən stabil bir dünya düzəni üçün vasitə, bəzən isə böyük faciələrin başlanğıcı ola bilir. Tramp və Putinin “kritik görüşü” əgər real və bərabərhüquqlu kompromis üzərində qurularsa, bu, XXI əsrin “Berlin Divarı”nı tikmək deyil, onun əvəzinə qapılar açmaq anlamına gələ bilər...

Elnur Əmirov

 

Seçilən
1
modern.az

1Mənbələr