AZ

Sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün imtahan keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 8-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün növbəti test imtahanı keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr avqustun 11-də DİM-in saytında yerləşdiriləcək.

İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.

Xatırladaq ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1483 namizəd qeydiyyatdan keçib. Onlardan 1403 namizəd imtahana gəlib. İmtahanın nəticələrinə əsasən, 1151 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 24 namizəd iştirak edib və 12 nəfər müvəffəqiyyət qazanıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 51 namizəd iştirak edib və 38 nəfər müvəffəqiyyət qazanıb.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 11-12-si saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.

 

Seçilən
33
1
azertag.az

9Mənbələr