Diyetoloq Tatyana Jarovskaya bildirib ki, qovun lif və minerallarla zəngin olmaqla yanaşı, ödemin (şişkinliyin) azalmasına da kömək edir.
E-saglam.az-ın məlumatına görə, o müsahibəsində bu məhsulun sağlamlıq üçün faydalarına toxunub.
Həkimin sözlərinə görə, hüceyrədənkənar boşluqda çoxlu natrium olur. Hüceyrələrin maye və qida maddələri ilə təmin edilməsi üçün isə kalium lazımdır və qovun bu mineralla olduqca zəngindir.
“Qovun, mineral tərkibinə görə şişkinliklə mübarizədə əla seçimdir. Həmçinin bağırsaq problemi yaşayanlar üçün tövsiyə olunur, çünki tərkibində fruktoza əvəzinə mikrobiomu normallaşdıran və şişkinliyi azaldan eritritol var”, – deyə Jarovskaya vurğulayıb.
Mütəxəssis həmçinin qeyd edib ki, qovun bəzi insanlarda – xüsusilə məhsula qarşı dözümsüzlüyü və ferment çatışmazlığı olanlarda – əks göstərişlidir.
Jarovskaya xatırladıb ki, istənilən qidanın həddindən artıq istehlakı zərərli ola bilər. Qovunun isə gündəlik istehlak miqdarı 250–350 qram arasında olmalıdır.
Tərcümə: Könül Oruc
E-saglam.az