"Bu gün Bakı vaxtı ilə gecə saatlarında Vaşinqtonda Azərbaycan liderinin iştirakı ilə çox önəmli tarixi görüş keçiriləcək. ABŞ və Ermənistan, Azərbaycan rəhbərlərinin həm ikitərəfli, həm də üçtərəfli görüşləri baş tutacaq. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi nəticənin bütün dünyaya məhz Vaşinqtondan dünyanın siyasi mərkəzindən elan edilməsi və Azərbaycanın qələbəsinin bir daha bəyan olunması baxımından çox tarixi hadisədir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev ABŞ-də keçiriləcək tarixi görüşdən danışarkən bildirdi.
"Digər önəmli məqam budur ki, 100 il əvvəl Azərbaycan Naxçıvan bölgəsindən, yəni tarixi torpaqlarımızdan, Zəngəzurun Ermənistana verilməsi ilə aralı düşmüşdü. İndi isə ilk dəfə olaraq, Azərbaycan Naxçıvanla birbaşa quru torpaqlarla, quru ərazilərlə birləşmək şansını əldə edir və bunu Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdi. 100 ildən sonra biz yenidən Naxçıvanla birləşirik. Zəngəzur dəhlizinin müxtəlif adları ola bilər, “Trump yolu” və ya başqa, ancaq dəhlizin mahiyyəti dəyişmir. Əsas məsələ odur ki, biz tarixi torpaqlarımıza birbaşa Zəngəzurdan keçməklə qovuşuruq".
Deputat qeyd etdi ki, bu, Azərbaycanın ən önəmli diplomatik qələbəsidir.
"Azərbaycanın təşəbbüsü və təkidi ilə Ermənistan ATƏT-in Minsk qrupu prosesindən çıxmaq haqqında sənəd imzalayacaq. Bu, münaqişənin və onun dırnaqarası vasitəçilik funksiyasının tarixə qovuşmasının göstəricisidir. Bunu Azərbaycan prezidenti bacardı. Dövlətimiz və xalqımız üçün xeyirli, uğurlu olsun.
Vacib məqamlardan biri də sülh müqaviləsinə doğru atılan addımların gücləndirilməsidir. Mətbuatda yayılan məlumatlara görə, sülh istiqamətində birgə bəyanat, birgə deklarasiya hazırlanır. Bu sənəd, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində irəliləmənin göstəricisidir. Həmçinin, sülh müqaviləsinin paraflanması nəzərdə tutulur, bu da yekun sülh müqaviləsinin imzalanmasına aparan vacib mərhələdir. Baş verən bu prosesləri Azərbaycanın tarixi uğuru və qələbəsi kimi qiymətləndiririk. Bütün dünya da bunu qəbul edir".
Müsahibimizin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar, Azərbaycanın əsas tələbindən Zəngəzur üzərindən Naxçıvana çıxışın təmin olunması və ATƏT-in Minsk Qrupunun tarixin arxivinə göndərilməsi artıq təsdiqlənir.
"Ən önəmlisi isə Cənubi Qafqazda yeni regional konfiqurasiyada Azərbaycanın liderliyi və Azərbaycan liderinin xüsusi rolu təsdiqlənir. Bu, üçtərəfli görüşdə və sənədlərdə öz əksini tapır. Bu, bizim üçün tarixi fürsət və böyük qələbədir.
Son 200-300 ilin tarixinə baxsaq, heç vaxt bugünkü kimi güclü, öz siyasətini yeritməyi bacaran, sözünü deyib, həyata keçirən liderimiz olmamışdır. Cənab Prezidentin rəhbərliyi altında biz bunu etdik, edirik və bacardıq", - deyə Tural Gəncəliyev vurğuladı.
Xədicə BAXIŞLI