AZ

Vaşinqtonda vacib nəticə: Ermənistan Qarabağla bağlı bütün məqamlardan əl çəkir - MÜSAHİBƏ

BAKI, 8 avqust. TELEQRAF

“Bakı” Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur bəy, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri fonunda Vaşinqton-Bakı əlaqələri, Ermənistanla sülh prosesinə dair ciddi nəticələrin əldə olunacağına dair müsbət mesajlar səsləndirilir. Amerikadakı görüşlərin nəticəsi ilə bağlı ehtimallar necədir?

- Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri və uzun müddətdən sonra Amerika Prezidenti Donald Trampla keçiriləcək görüş ölkəmizin maraqları üçün vacibdir. Azərbaycan Prezidenti Avropada azsaylı liderlərdən idi ki, Trampın prezident seçkilərində qalib gəlməsinə ümid bəsləyirdi. Beləliklə, Donald Tramp Amerika prezidenti seçildi və Azərbaycanla Amerika arasında ikitərəfli münasibətlərdə yeni bir səhifənin açılması müşahidə edilir. ABŞ-nin sabiq prezidenti Cozef Baydenin dövründə isə Azərbaycanla ABŞ arasında münasibətlər çox pis idi. “Demokratlar” tərəfindən ölkəmizə qarşı düşmənçilik bəslənilirdi. Amma indi vəziyyət dəyişib. Məhz bunun nəticəsi olaraq Azərbaycanla Ermənistan arasındakı dialoqda Donald Trampın təmsil olunduğu “Respublikaçılar”ın rəhbərliyi Bakının şərtləri əsasında İrəvana qarşı müxtəlif təsir elementlərindən istifadə edirlər. Bunun da bariz nümunəsi olaraq Amerika Erməni Milli Komitəsi (ANKA) vasitəsi ilə Trampa mümkün qədər təzyiq edilir. Hətta bəzi ermənipərəst konqresmenlər tərəfindən Tramp ciddi tənqidə məruz qalır.

- Erməni lobbisinin Trampa qarşı olan iddiası nə ilə bağlıdır?

- Onlar iddia edirlər ki, “Qarabağ erməniləri”nin geri qayıdışı məsələsi ABŞ tərəfindən qaldırılmır. Eyni zamanda xristian təəsübkeşliyindən çıxış edərək “erməni abidələri məsələsi yeni Ağ Ev rəhbərliyi tərəfindən önə çəkilmir” deyə iddialar mövcuddur. Hazırda Trampa qarşı bu istiqamətdə təzyiqlər var. Öz növbəsində Tramp ABŞ-də erməni diasporunun 2024-cü ilin noyabrında kimsə səs verdiklərini yaxşı bilir. Trampın heç nəyi yaddan çıxarmadığını nəzərə alsaq, erməni diasporu üzərində yeni bir revanşın da şahidi ola bilərik.

- Vaşinqton prosesi ilə bağlı gözləntilər nədən ibarətdir?

- Burada ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanatın qəbul edilməsi gözlənilir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmış variantı ilə bağlı niyyət protokolu da razılaşdırıla bilər. Bu, Ermənistan Baş naziri və dövlətinin Qarabağla bağlı bütün mübahisəli məqamlardan əl çəkməsi deməkdir. Onlar bundan sonra Qarabağ məsələsində heç nəyi mübahisələndirə bilməyəcəklər. Beləliklə, tam olaraq Ermənistan bu diyarın Azərbaycan torpağı olmasını qəbul edir. Bu, vacib elementdir. Post-Paşinyan dövründə erməni siyasətçiləri cığallıq etmək istəsələr, onlara məhz bu niyyət protokolu göstəriləcək və onlara xatırladılacaq ki, burada Ermənistan rəhbərinin imzası var.

- ABŞ-nin bu prosesdə iştirakı sülh və digər məsələlər üçün zəmanət verə bilərmi?

- Amerika tərəfi sözsüz ki, burada zəmanətçi kimi çıxış edir. Ermənistan bununla təkcə Azərbaycanla bağlı deyil, ABŞ qarşısında da üzərinə öhdəlik götürmüş olur. Bu da erməni müxalifətinin gələcəkdəki manevr imkanları məhdudlaşdırmış olacaq.

- Dəhlizlə bağlı Vaşinqton görüşündən əsas gözləntilər nələrdir?

- Zəngəzur dəhlizi ilə bağlı Ermənistan uzun müddətdir ki, ABŞ ilə razılığa gəlib. Faktiki olaraq Paşinyan bu mövzuya aid məsələləri gizlətməklə məşğuldur. Bugünkü görüşdə də Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığını verə bilər. Sözsüz ki, dəhlizin açılması o qədər də asan proses deyil. Çünki marşrut xəttinin reallaşması Cənubi Qafqaz ölkələri tərəfindən o qədər də nikbin qarşılanmır. Bunun fonunda bölgədəki proseslərin necə olacağı ilə bağlı proqnoz vermək elə də asan deyil.

- ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasındakı gözlənilən görüşün bölgədəki proseslərə təsiri haqqında proqnozlar nədən ibarətdir?

- Tramp və Putin arasındakı görüşdə müxtəlif istiqamətlər üzrə danışıqlar olacaq. Rusiya-Ukrayna, Suriya, Mərkəzi Asiya ətrafındakı məsələlər sözsüz ki, müzakirə ediləcək. Bu gün görüşün nəticələri də Cənubi Qafqazdakı proseslərə təsir etmiş olacaq.

Seçilən
49
teleqraf.com

1Mənbələr