İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində fəaliyyətin təhlükəsiz və effektiv təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyi tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilib. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyinin sözügedən ərazilərdə fəaliyyət göstərən regional bölmələrinin əməkdaşları üçün "Əməyin mühafizəsi və texniki təhlükəsizlik haqqında biliklərin artırılması" mövzusunda təlim təşkil olunub.
Təlimin əsas məqsədi kənd təsərrüfatı sahəsində çalışan əməkdaşların əməyin mühafizəsi qaydaları, iş prosesində texniki təhlükəsizlik tələbləri, eləcə də istehsalat zamanı baş verə biləcək risklərə qarşı düzgün davranış və qabaqlayıcı tədbirlər haqqında məlumatlandırılmasıdır.
Təlimdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov iştirakçılar qarşısında çıxış edərək mövzunun aktuallığını vurğulayıblar. Onlar bölgədə gedən bərpa və inkişaf proseslərinin bir hissəsi olaraq təhlükəsiz və sağlam iş şəraitinin təmin olunmasının zəruriliyini diqqətə çatdırıblar.
Çıxışlarda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti geniş vüsət alıb və bu prosesdə iştirak edən bütün əməkdaşların sağlamlığı və təhlükəsizliyi birinci dərəcəli prioritet kimi qiymətləndirilir. Həmçinin vurğulanıb ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə bilik və bacarıqların artırılması təkcə işçilərin deyil, ümumilikdə aqrar sahənin dayanıqlı inkişafına xidmət edir.
Təlim zamanı Agentliyin Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə meneceri Rasif Rasimli tərəfindən əhatəli təqdimatla çıxış edilib. Təqdimatda iş yerlərində əməyin mühafizəsi standartları, fərdi mühafizə vasitələrinin düzgün istifadəsi, istehsalatda baş verə biləcək qəza hallarına qarşı qabaqlayıcı tədbirlər və iş mühitində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması ilə bağlı geniş məlumat verilib.
Təlim interaktiv formatda keçirilərək iştirakçılar arasında sual-cavab və praktiki müzakirələr formasında davam edib. İştirakçılar mövzu üzrə əldə etdikləri biliklərin gündəlik fəaliyyətlərində mühüm rol oynayacağını, xüsusilə də təhlükəli və çətin şəraitdə aparılan kənd təsərrüfatı işlərində bu biliklərin onların təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıblar.




