Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi baş tutub.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, mərasim DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunub.
Gənclər və idman naziri Fərid Qayıbov Elmira Aslanovanın dünyanın ən yüksək zirvəsinə qalxmasını böyük uğur adlandırıb. O, filmin maraqlı alındığını vurğulayıb.
Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev Elmira Aslanovanın uğurunu yüksək səviyyədə qiymətləndirib. O bildirib ki, qadınlar arasında bunu bacarmaq böyük cəsarətdir.
Elmira Aslanova dəstəyə görə qardaşı Eldara təşəkkür edib: "Mən çox ölkələrdə olmuşam, lakin Azərbaycan ailələrində olan isti münasibət heç yerdə yoxdur. Düzdür, atam bu sahədə olduğuma görə narahat olur. Ancaq mənə olan dəstəyini əsirgəmir, yanımda olur. Filmin rejissoru Arzu Urşana minnətdaram".
“Arzunun ardınca” filmi təkcə bir qadın alpinistin uğuru deyil, həm də Azərbaycanda qadınların ekstremal idman növlərində qazandığı nailiyyətlərin bariz nümunəsidir. Eyni zamanda, bu ekran işi insan iradəsinin və məqsədyönlülüyünün gücünü bir daha göstərir.
Qeyd edək ki, avqustun 8-i həm də dünyada Alpinizm Günü kimi qeyd olunur.
İdman.biz