AZ

Azərbaycan diplomatiyasının ABŞ mərkəzli yeni səhifəsi tarixi mərhələdir - DEPUTAT


Məşhur Məmmədov,
Millət vəkili


Növbəti tarixi günlərə şahidlik edirik. Vaşinqtonda baş tutan yüksək səviyyəli görüşlər, xüsusilə də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla planlaşdırılan tarixi danışıqları, Cənubi Qafqaz regionu üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan Prezidenti ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüş, eləcə də SOCAR ilə “ExxonMobil” arasında imzalanan əməkdaşlıq memorandumu göstərir ki, Vaşinqton görüşü təkcə siyasi deyil, həm də iqtisadi müstəvidə dərin məzmun daşıyır.

Burada diqqətçəkən məqam, enerji sektorunda yeni əməkdaşlıq imkanlarının yaranması ilə yanaşı, Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığının möhkəmləndirilməsidir. Bu, həm regionun enerji təhlükəsizliyinə, həm də Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin diversifikasiyasına xidmət edir.

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra sülh prosesinə rəhbərlik edən əsas fiqur olması Azərbaycanın diplomatik mövqelərini daha da gücləndirib. Hikmət Hacıyevin “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazanır!!!” sözləri bu məqamı dəqiq ifadə edir.

Vaşinqton görüşünün əsas gündəliyində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanması dayanır. ABŞ tərəfi bu razılaşmanı yalnız iki ölkə arasındakı münaqişənin sonu kimi deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasının yenilənməsi kimi təqdim edir. Donald Trampın açıqlamalarında sülhün Cənubi Qafqazın iqtisadi potensialını tam açmaq üçün başlanğıc nöqtəsi kimi dəyərləndirilməsi, Azərbaycanın regional lider rolunu bir daha təsdiqləyir.
Geosiyasi nəticələr və Azərbaycanın qlobal mövqeyi dünya gündəmindədir.
Vaşinqtonda imzalanması gözlənilən sülh sənədi və ikitərəfli müqavilələr Azərbaycanın beynəlxalq mövqelərini üç istiqamətdə möhkəmləndirəcək:

1. Geosiyasi nüfuzun artması: ABŞ vasitəçiliyi ilə əldə edilən razılaşma Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində diplomatik manevr imkanlarını genişləndirəcək.

2. İqtisadi əməkdaşlığın dərinləşməsi: Enerji, texnologiya, infrastruktur və ticarət sahələrində ABŞ-la strateji layihələr reallaşdırılacaq.

3. Regional sabitliyin möhkəmlənməsi: Ermənistanla imzalanacaq sülh müqaviləsi Zəngəzur dəhlizi də daxil olmaqla, yeni nəqliyyat və logistika imkanlarını açacaq.

Bu tarixi prosesin nəticəsi olaraq, Azərbaycan yalnız müharibənin qalibi kimi deyil, həm də regionda davamlı sülhün memarı kimi tarixə düşəcək.



Seçilən
10
2
aia.az

3Mənbələr