AZ

Tarix necə yazılır? – Əliyevin zəfərə aparan Vaşinqton səfərinin PƏRDƏARXASI

Azərbaycan diplomatiyası bu günlərdə növbəti tarixi uğura imza atır. Prezident İlham Əliyev təkcə müharibədə deyil, eyni zamanda diplomatiyada da qalib lider kimi çıxış edir. 2020-ci ildən sonra baş verən proseslər göstərir ki, müdrik və strateji liderlik sayəsində Azərbaycan düşmənlərini yalnız cəbhədə deyil, beynəlxalq siyasi arenada da məğlub edir. Bu məqalədə Azərbaycanın Vaşinqton zəfərinin əsas konturlarını və geosiyasi mənzərədə yaratdığı yeni reallıqları təhlil edirik.

Azərbaycan və ABŞ ilk dəfə bu səviyyədə – liderlər səviyyəsində – strateji tərəfdaşlıq niyyətlərini rəsmən bəyan edirlər. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu tərəfdaşlıq təkcə enerji deyil, müdafiə, süni intellekt, texnologiya, ticarət və nəqliyyat sahələrini də əhatə edir. Vaşinqtonda SOCAR və “ExxonMobil” arasında imzalanan əməkdaşlıq memorandumu bu prosesin ilk meyvələrindən biri kimi qiymətləndirilir.

Dekabr 2022-də Qarabağda suverenliyini tam bərpa edən Azərbaycan bu dəfə diplomatik səviyyədə keçmiş Dağlıq Qarabağ münaqişəsinə rəsmi son qoyur. Azərbaycan və Ermənistanın birlikdə Minsk Qrupunun ləğvi üçün müraciət etməsi bu prosesi rəsmiləşdirir. Bu addım, Ermənistan daxilində və diasporasında “Dağlıq Qarabağ kartı” ilə siyasi manipulyasiya edən revanşist qüvvələrin bütün arqumentlərini sıradan çıxarır.

Sülh sazişinin paraflanması ilə Azərbaycan beynəlxalq müstəvidə opponentlərini zəiflədərək, təşəbbüsün sülh tərəfdarı ölkənin əlində olduğunu sübut edir. Bu, ölkəmizin dünyada sülhün və sabitliyin tərəfdarı olan dövlət kimi qəbul olunmasına mühüm töhfə verir.

2020-ci ildən bəri Ermənistanın “unutdurmaq” istədiyi Zəngəzur dəhlizi, bu gün ABŞ-ın birbaşa iştirakı ilə gerçəyə çevrilir. Prezident İlham Əliyev bu dəhlizin Azərbaycanın milli maraqları baxımından strateji əhəmiyyətini dəfələrlə vurğulayır. İndi Zəngəzur dəhlizi, “Tramp Yolu – Beynəlxalq Sülh və Rifah Marşrutu” adı ilə gündəmə gəlir. Bəli, adı fərqli ola bilər, amma məğz dəyişməzdir: bu, məhz Azərbaycanın təklif etdiyi dəhlizdir və onun maneəsiz gediş prinsipi təsdiqlənir.

Dəhlizin idarəçiliyinin ABŞ-a verilməsi Cənubi Qafqazda yeni güc balansı yaradır. Artıq SEPAH, mollalar və digər regional güclər bu məsələ ilə bağlı Vaşinqtonla hesablaşmaq məcburiyyətində qalırlar. Bu isə Azərbaycanın bölgədəki statusunu daha da gücləndirir.

Tarix göstərir ki, savaş meydanında qalib gəlmək diplomatik uğur üçün kifayət etmir. İsrailin Qəzzadakı vəziyyəti buna bariz nümunədir. Azərbaycan isə əks nümunə kimi çıxış edir – təkcə müharibədə deyil, diplomatik meydanda da qələbə qazanır və dünyada sülh təşəbbüskarlarından biri kimi qəbul olunur.

2020-ci ildən sonra Azərbaycana qarşı yönələn kampaniyalar, sanksiya çağırışları və informasiya təzyiqləri nəticəsiz qalır. Azərbaycan bu təzyiqlərə boyun əymir, əksinə daha güclü, daha prinsipial çıxış edir. Təcrid etmək istəyənlər bu gün özləri beynəlxalq arenada küncə sıxışdırılır.

Prezident İlham Əliyevin Vaşinqtonda qazandığı diplomatik zəfər Azərbaycan üçün yeni dövrün başlanğıcını qoyur. Bu, təkcə regional deyil, qlobal siyasətdə də Azərbaycanı mühüm oyunçuya çevirir. Zəngəzur dəhlizinin açılması, sülh sazişinin paraflanması, Minsk Qrupunun ləğvi kimi məsələlər Azərbaycanın strateji üstünlüyünü rəsmiləşdirir.

Tarix bəzən illərlə yazılır, bəzən isə bir neçə gün ərzində yaşanır. Bu günlər tarixdir. Azərbaycan qalib gəlir – həm müharibədə, həm diplomatiyada, həm də gələcəkdə.

Natiq Səlim
KONKRET.az
Siyasət şöbəsi

Seçilən
52
50
konkret.az

10Mənbələr