AZ

Ermənistan prezidenti Aşqabadda 100 ildir işləməyən erməni kilsəsinə niyə gedib?..


Mübariz Göyüşlü: “Ermənilər hər bir kiçik fürsəti erməniçiliyin təbliği üçün istifadə etməyə çalışır”

Məlum olduğu kimi, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Türkmənistanda səfərdə olub. Səfər zamanı o, Türkmənbaşı şəhərində fəaliyyətini dayandırmış erməni kilsəsinə baş çəkib.

Məlumat üçün bildirək ki, kilsə 1905-ci ildə təqdis olunub, lakin 1920-ci illərin əvvəllərində sovet hakimiyyəti kilsənin günbəzini sökərək onu istehsal müəssisəsinə çevirib.

Qeyd edildiyi kimi, kilsə 1920-ci ildən etibarən fəaliyyətini dayandırıb. Belə olan halda maraqlıdır, 105 ildir fəaliyyət göstərməyən kilsənin haqqında məlumat vermək, ziyarət etmək nə dərəcədə düzgün addımdır? Maraqlıdır, Ermənistan prezidenti bunu dünyanın nəzərinə çatdırmaqda nə məqsəd güdür?

“Ermənilər Türkmənistanda kilsə məsələsini gündəmə gətirməklə öz mənfur niyyətlərini həyata keçirmək istəyirlər”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilər üçün kilsə saxta “böyük Ermənistan” ideyasının əsas ilhamvericisidir: “Kilsə və din xadimi geyimində olan keşişlər terrorizm üzərində bərqərar olan Ermənistanın təbliğat və təşviqatçılarıdır. Bu səbəbdən də Ermənistan prezidenti və ya digər rəsmi şəxslər daim kilsə məsələsini gündəmdə saxlamağa çalışır. Ermənilər Qriqoryan kilsəsinin inkişafını xüsusi diqqətdə saxlayırlar. Təxminən 100 ildən artıq müddətdir çalışmayan, fəaliyyətsiz qalan kilsəni yenidən gündəmə gətirmək də təbliğatdan qaynaqlanır. Ermənilər hər bir kiçik fürsəti erməniçiliyin təbliği üçün istifadə etməyə çalışır. Türkmənistanda da onlar bu cəhdlərini reallaşdırmaq istədilər. Xatırladım ki, illər əvvəl ermənilər Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazovun vaxtında onun “Ruhnamə” kitabını erməni dilinə tərcümə etmək istəyirdilər. O vaxt Türkmənbaşı bu məsələyə xoş yanaşmadı və razılıq vermədi. Onların məqsədi məlum kitabı erməni dilinə tərcümə etmək deyildi. Əsas niyyətləri “Ruhnamə”dən giriş edərək Türkmənistanda erməni diasporu, erməniçiliyi formalaşdırmaq idi. Həmçinin buranı Azərbaycana, Türkiyəyə qarşı kökləmək istəyirdilər. İndi də kilsə məsələsi ilə öz mənfur niyyətlərini həyata keçirmək istəyirlər. Hesab edirəm ki, bu, təhlükəli vəziyyətdir. Arzu edərdim ki, Türkmənistan bu vəziyyətə razılıq verməsin”.

Günel CƏLİLOVA

Seçilən
10
baki-xeber.com

1Mənbələr