İmtahan verib məktəbə qəbul oldular... Amma bu sevincləri çox çəkmədi...
Şəkidə 3 nömrəli musiqi məktəbinə qəbul üçün imtahan verən uşaqların nəticələri sıfırlanıb.
1987-ci ildən fəaliyyət göstərən, şagirdləri dəfələrlə respublika və dünya miqyaslı tədbirlərdə yer tutan Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbində bu il də may ayında rəsmi qəbul elan edilib. Elektron sistemlə şagirdər sənədlərini təqdim ediblər və iyunun 17-də rəsmi qəbul imtahanı keçirilib. Yüksək bal toplayanlar sevinərək məktəbə gələndə isə nəticələrin sıfırlandığı göstərilib.
Məktəbin yaxınlığını, yüksək nəticələri və peşəkar müəllimlərini istəyən valideynlər məktəbə qəbulun dayandırılmasından narahat olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, onların sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində geniş islahatlar davam etdirilir. Qəbulla bağlı müraciət, imtahanın nəticələri üzrə qeydiyyat və sənədlərin yerləşdirilməsi, habelə apellyasiya müraciətinin verilməsi elektron qaydada aparılır. Təhsil müəssisələrinə şagird qəbulu prosesinin düzgün idarə olunması, şagird-müəllim nisbətinin gözlənilməsi məqsədilə hər bir rayon və şəhər üzrə məktəblərə ehtimal qəbul planı müəyyənləşdirməklə qəbul planlarının optimallaşdırılması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.