AZ

Müzəffər Ali Baş Komandanın sülh uğuru ŞƏRH

Bakı, 8 avqust, AZƏRTAC

Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Bunu mümkün edən əsas amil isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə möhkəmlənməsini təmin edir.

Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda birgə bəyannamə imzalayacağı xəbərləri regionda yeni siyasi vəziyyətin formalaşmasına zəmin yaradır. Bu sənədin imzalanması sülh müqaviləsinə gedən yolda əsaslı irəliləyiş kimi qiymətləndirilir. Ağ Evdə baş tutacaq görüş yalnız iki ölkə arasında deyil, bütün Cənubi Qafqazın taleyində həlledici dönüş nöqtəsi kimi yadda qalacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə əhəmiyyət göstərməsi Prezident İlham Əliyevin bu il iyulun 19-da Xankəndində 3-cü Şuşa Qlobal Media Forumu iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərdən də aydın olur: “Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır”.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə təkbətək formatda görüş keçiriblər. Bu görüş tərəflərin əvvəlki bütün təmaslarının vasitəçilər və ya beynəlxalq sammitlər çərçivəsində baş tutması fonunda mühüm dəyişiklik kimi qiymətləndirilir. Vaşinqton görüşü bu diplomatik prosesin davamıdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Vətən müharibəsinin bitməsindən sonrakı ilk dövrdə iki dövlət arasında 30 illik münaqişə dövründə vasitəçilik etmiş “ənənəvi” aktorlar hələ də səhnədə idi – Rusiya, Fransa, ABŞ, eləcə də bu üçlüyün birləşdiyi bədnam Minsk qrupu. Hətta Azərbaycan sülh müqaviləsinin ilk mətnini məhz Minsk qrupu vasitəsilə Ermənistana göndərmişdi. Lakin Ermənistanın Qarabağ məsələsini yenidən gündəliyə daxil etmək səyləri və bunun üçün yalnız Minsk qrupunun dəstəyindən istifadə cəhdləri Azərbaycanın bu ermənipərəst qrupun ləğvi ilə bağlı qəti mövqe ortaya qoyması ilə nəticələndi.

“Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.

Qeyd edək ki, hələ bu ilin mart ayında hər iki ölkənin xarici işlər nazirləri tərəfindən iki dövlət arasında imzalanacaq sülh sazişinin 17 maddəsinin hamısının razılaşdırıldığı bəyan edildi. Bu da özlüyündə Ermənistanın həmin iki məsələ üzrə də Azərbaycanın haqlı mövqeyini qəbul etdiyini sübuta yetirirdi.

Otuz ilə yaxın müddətdə fəaliyyət göstərən və işğal dövründə status-kvonun saxlanmasında mühüm rol oynayan Minsk qrupu artıq tarixə qovuşmalıdır. Əgər belə olarsa, bu, Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanarsa, sonra adıçəkilən sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması zərurətə çevrilir. Yəni, yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur”, - deyə Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, ölkəmiz üçün sülh sazişinin imzalanmasından sonra həllini gözləyən əsas strateji məsələlərdən biri, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bu razılaşma vasitəsilə ilk dəfə olaraq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa və maneəsiz gediş-gəlişin təmin edilməsi hüquqi və praktiki müstəviyə keçə bilər. Bu, Zəngəzur dəhlizinin də reallaşma ehtimalını artırır və Cənubi Qafqazda nəqliyyat bağlantılarını bərpa etməklə geosiyasi balansı Azərbaycanın xeyrinə dəyişir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi aydın olsa da, Xankəndində ilk dəfə dəhliz haqqında çox açıq və birbaşa detalla çıxış etməsi istənilən halda ölkəmiz üçün Zəngəzur dəhlizinin prioritetliyini prinsipial şəkildə qoruduğunu bir daha aydın sübut etdi: “Bizim üçün isə ən başlıca məsələ odur ki, – mən Əbu-Dabidə həmkarıma dedim, – bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır… Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin”.

Beləliklə, Sülh bəyannaməsi imzalanarsa, Azərbaycan Naxçıvana daha da yaxınlaşacaq, Naxçıvan isə bütün Azərbaycana açılacaq.

“Əlbəttə, bu proseslərin mərkəzində Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti dayanır. Həm hərbi qələbə, həm diplomatik üstünlük, həm də uzunmüddətli sabitliyin qurulması Azərbaycan liderinin dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir. Azərbaycan artıq yalnız sülh istəyən deyil, sülhü diktə edən ölkədir. Sülh çərçivə sənədinin imzalanması ilə Prezident İlham Əliyev təkcə müharibəni deyil, sülhü də qalibiyyətlə başa vuran lider kimi tarixə düşəcək”, - deyə komitə sədri vurğulayıb.

Seçilən
24
3
azertag.az

4Mənbələr