AZ

Rusiyanın Odessada SOCAR-ın bazasına raket zərbəsi Moskvanın ölkəmizə qarşı təzyiqidir

"Rusiyanın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına hücumu Azərbaycana qarşı son aylarda intensivləşən təzyiq siyasətinin tərkib hissəsidir".

Far.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

O qeyd edib ki, "Shahed" pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum təsadüfi hesab oluna bilməz:

"Bu, xüsusilə Azərbaycana qarşı yönəlmiş bir addımdır. Hətta ölkəmizə qarşı Rusiyanın son aylarda intensivləşən təzyiq siyasətinin tərkib hissəsidir".

Ekspert diqqətə çatdırıb ki, Rusiya bununla Azərbaycanın müstəqil xarici siyasətindən, o cümlədən enerji siyasətindən narahat olduğunu ortaya qoyur:

"Son aylarda Rusiya bir-birinin ardınca Azərbaycana qarşı yönələn müəyyən addımlar atır. Bu isə nəticədə iki ölkə arasında münasibətlərin gərginləşməsinə, ciddi problemlərin yaranmasına gətirib çıxarır. Ancaq bilmək lazımdır ki, edilən təzyiqlər müxtəlif formalarda olsa da, nəticə verməyəcək. Azərbaycan tutduğu mövqedə qərarlı və qətidir. Azərbaycanın siyasəti hər hansı bir ölkəyə qarşı deyil, yalnız milli maraqların həyata keçirilməsinə əsaslanır. Ölkəmiz güclüdür, haqlıdır, qalibdir. Ərazi ölçüsündən asılı olmayaraq heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz, bunu Rusiyadakı hakim dairələr nə qədər tez anlasalar, bir o qədər öz xeyirlərinə olar".

Xatırladaq ki, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına "Şahed" pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub. Zərbələr nəticəsində 4 nəfər ağır yaralanıb.

Seçilən
10
2
far.az

3Mənbələr