Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Donald Tramp, Azərbaycan və ABŞ hökumətləri arasında strateji tərəfdaşlıq xartiyasına hazırlıq məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar. Ardınca Tramp, Ermənistanın baş naziri Nikol Paşinyan və İlham Əliyevlə birlikdə görüşə başlayıb.
Redaksiya xəbər verir ki, Tramp çıxışında Ermənistan və Azərbaycanın 30 ildən artıq müddətdə müharibə apardığını, lakin indi dost olduqlarını və bu dostluğun davam edəcəyinə inandığını bildirib. O, hər iki liderə ABŞ-a səfər edib bu mühüm və tarixi sənədi imzaladıqları üçün təşəkkür edib və ölkələr arasında birbaşa dialoqun davam edəcəyinə ümidini ifadə edib.
Tramp bəyan edib ki, Ermənistan və Azərbaycan tam atəşkəsə, qarşılıqlı suverenliyə hörmətə və ticarətin açılmasına sadiqdirlər. “Tramp dəhlizi” layihəsinin Azərbaycanı Naxçıvanla birləşdirəcəyini, bunun isə Ermənistanın suverenliyinə tam hörmət çərçivəsində həyata keçiriləcəyini vurğulayıb. ABŞ prezidenti həmçinin ölkəsinin Azərbaycanla hərbi əməkdaşlıq məhdudiyyətlərini aradan qaldırdığını, iki ölkənin diplomatik münasibətləri bərpa edəcəyini və hərbi qarşıdurmaya müddətsiz son qoyduğunu açıqlayıb.
Tramp əlavə edib ki, “Tramp dəhlizi”nun onun adını daşıması onun üçün böyük şərəfdir. O, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş və ABŞ hökumətinin Azərbaycana hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na əlavə 907-nin dondurulduğunu da bəyan edib.
Sevinc Kərimova