AZ

Rəqəmsal İpək yolu

Transxəzər kabel xətti Mərkəzi Asiyadan Avropaya rabitə körpüsüdür

Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər fiber-optik kabel xəttinin tikintisi üzrə dəniz marşrutunun öyrənilməsinə başlanılıb. 

Tədqiqat işləri sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Bununla yanaşı, dəniz tədqiqatları strateji əhəmiyyətə malik layihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Azərbaycan və Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işləri 4 həftəyə qədər davam edəcək.

Transxəzər kabel xətti layihəsi Azərbaycanın magistral internet provayderi olan “AzərTelecom” şirkəti və Qazaxıstanın milli telekommunikasiya operatoru “Kazakhtelecom” arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilir. ABŞ-ın “Pioneer Consulting” şirkəti isə layihəyə texniki nəzarət və məsləhət dəstəyi göstərir. 

Bugünlərdə “AzərTelecom”un Direktorlar Şurasının sədri Emil Məsimov və şirkətin rəhbər heyəti tədqiqat işlərini həyata keçirəcək “Türkan” gəmisinin texniki imkanları ilə tanışıb olub, müasir avadanlıqlara baxış keçiriblər. “AzərTelecom”un rəhbəri gəmi heyəti və mühəndislərlə görüş zamanı layihənin strateji əhəmiyyətini vurğulayaraq deyib: “Transxəzər fiber-optik kabel xətti layihəsi çərçivəsində işlər sürətlə aparılır və dəniz marşrutu tədqiqatını həyata keçirməklə biz layihənin tikintisi üzrə əsas mərhələnin icrasına başlayırıq. Regional rəqəmsal bağlantını gücləndirəcək və Xəzər dənizini qlobal rəqəmsal infrastrukturun vacib hissəsinə çevirəcək layihənin bu mərhələsinin həyata keçirilməsi üçün ən qabaqcıl texnologiyalar və peşəkar mütəxəssislər cəlb olunub. Əminəm ki, həm Azərbaycan, həm də Qazaxıstan tərəfində işlər planlaşdırılan qrafikə uyğun olaraq uğurla yekunlaşdırılacaq”.

Qeyd edək ki, Transxəzər fiber-optik kabel xətti layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə bu sualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Layihənin icraçıları Azərbaycanın “AzərTelecom” və Qazaxıstanın “Kazakhtelecom” şirkətləridir. 

Yeri gəlmişkən, “AzərTelecom” dünyanın 11 ölkəsində enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir. “AzərTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir. Müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şirkət yerli, regional və beynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.

“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir. 

“Rəqəmsal İpək yolu” layihəsinin mühüm hissəsi olan Transxəzər kabel xətti Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən keçən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutur. Kabel xəttinin tikintisi bir neçə mərhələdə həyata keçiriləcək. Bu mərhələlərə sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli və davamlı kabellərin layihələndirilməsi və istehsalı, onların daşınması və quraşdırılması daxildir. “AzərTelecom” və “Kazakhtelecom” şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Avropa ilə Asiya arasında ölkəmiz vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq “Rəqəmsal İpək yolu” layihəsi Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Mərkəzi Asiya Dövlətləri Başçılarının V Məşvərət Görüşündə həyata vəsiqə alıb. Tədbirdə fəxri qonaq qismində iştirak etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında “Rəqəmsal İpək yolu” layihəsinin əhəmiyyətini vurğulayaraq fiber-optik infrastrukturun yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi kimi dəyərləndirib. 

Beynəlxalq və regional səviyyədə diqqət mərkəzində olan “Rəqəmsal İpək yolu” layihəsinə Türk Dövlətləri Təşkilatı tərəfindən də maraq olduqca yüksəkdir. Qurumun 2022-ci il noyabrın 11-də Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək “Rəqəmsal İpək yolu” layihəsi çərçivəsində Transxəzər fiber-optik kabel infrastrukturunun əhəmiyyəti, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Bundan əlavə, “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzərin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub.

“Rəqəmsal İpək yolu” layihəsi Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək region ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Təsadüfi deyil ki, layihə ABŞ-da Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda Asiyada 5 ən yaxşı strateji infrastruktur tədbirindən biri kimi seçilib. Belə bir strateji layihənin işə düşməsi, heç şübhəsiz, Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün regionda rəqəmsallaşmanın inkişaf etdirilməsinə və rabitənin daha geniş yayılmasına təkan verəcək.

Seçilən
85
2
xalqqazeti.az

3Mənbələr