Cənubi Qafqazda geosiyasi mənzərə sürətlə dəyişir. Ermənistanın son aylarda ABŞ-la yaxınlaşması, Vaşinqtonun bölgədəki aktivliyinin artması və Zəngəzur dəhlizi ilə bağlı yeni reallıqlar regiondakı güc balansını yenidən formalaşdırır. Bu proseslər təkcə Bakı–İrəvan münasibətlərinə deyil, həm də İranın illərdir sərgilədiyi sərt mövqeyə ciddi təsir göstərir. Tehran üçün “qırmızı xətt” sayılan Zəngəzur məsələsində vəziyyətin ABŞ faktorunun daxil olması ilə yeni mərhələyə keçməsi, İran diplomatiyası və təhlükəsizlik strategiyası üçün mühüm sınaq yaradır. Ermənistanın Rusiya və İran maraqlarına zidd addımları isə Tehranın regional strategiyasına əlavə təzyiq göstərir.
Moderator.az məsələ ilə bağlı mövcud vəziyyəti və mümkün ssenariləri politoloq Turan Rzayevlə müzakirə edib.
— İranın uzun illər “Zəngəzur dəhlizinə qarşı qırmızı xətt” mövqeyi sərgiləməsinə baxmayaraq, Ermənistanın ABŞ-la əməkdaşlığı fonunda bu siyasətinin dalana dirənməsi nə ilə izah olunur?
— Azərbaycanın sülh və əməkdaşlıq yönümlü təkliflərinə ardıcıl şəkildə sərt reaksiya verən Tehran, Ermənistan üzərində getdikcə güclənən ABŞ və Qərb təsirinə isə biganə yanaşdı. Bunun nəticəsində regiondakı sülh təşəbbüslərində ABŞ-ın vasitəçi rolu ön plana çıxdı. Əgər İran daha rasional və konstruktiv mövqe tutsaydı, bu gün proseslərdə daha təsirli bir oyunçu kimi iştirak edə bilərdi.
Lakin əksinə, Tehran Ermənistanla dostluq münasibətlərini dərinləşdirərək onun hər addımını dəstəklədi, Azərbaycana qarşı isə açıq şəkildə aqressiv və təxribatçı mövqe nümayiş etdirdi. Bu gün danışıqların İran ərazisində deyil, məhz Vaşinqtonda aparılması, Ermənistan–ABŞ əməkdaşlığı fonunda Tehranın diplomatik cəbhədə sıxışdırıldığını açıq göstərir.
Əslində, həm İran, həm də Rusiya səhv addımları ilə region problemlərinin həllini regiondan kənar güclərin öhdəliyinə verdi. Sülh yolunda irəliləyiş müşahidə olunsa da, hər iki ölkənin sərgilədiyi bu aqressiv yanaşma heç şübhəsiz, yaxşı qonşuluq prinsiplərinə uyğun deyil.
— ABŞ-ın Cənubi Qafqazda, xüsusilə İranla sərhəd bölgəsində möhkəmlənməsi regiondakı güc balansına və İran–Azərbaycan münasibətlərinə hansı təsirləri göstərə bilər?
— Vaşinqtonda keçirilən görüşlərdə razılaşdırıldığı bildirilən əsas məsələlərdən biri də Zəngəzur bölgəsində kommunikasiya xətlərinin açılmasıdır. Düzdür, hələlik görüşün detalları tam açıqlanmayıb. Bir müddət öncə İspaniya mediasında yayımlanan məlum məqalədə isə “Tramp variantı”ndan bəhs edilir, ərazinin 100 illik icarəyə veriləcəyi və ABŞ şirkətinin təhlükəsiz və maneəsiz hərəkət prinsipini təmin edəcəyi iddia olunurdu.
Görüşlə bağlı birgə bəyanatın yaxın zamanda açıqlanacağı gözlənilir və orada detalların daha aydın bəlli olacağı ehtimal olunur. Lakin artıq indidən demək olar ki, regionda ABŞ faktoru möhkəmlənəcək. Bu isə hər dəfə regionun “qırmızı xətti”nə toxunulduğunu vurğulayan İran üçün maraqlı və həssas bir situasiya yaradacaq.
Yaxın günlərdə İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfər planı da onu göstərir ki, bu mövzular Tehran–İrəvan xəttində də müzakirə mövzusudur. Azərbaycan bu məsələdə Ermənistanla müqayisədə daha çevik və ağıllı siyasət yürüdür. Məsələn, Bakı “Tramp variantı” istiqamətində danışıqlara müsbət yanaşmaqla yanaşı, paralel olaraq Araz çayı boyunca İranla da oxşar kommunikasiya xətlərinin açılması barədə layihələr hazırlayır.
Beləliklə, Azərbaycan iki alternativ marşrut üzərində işləyir və ehtimal ki, hər ikisinin reallaşmasını istəyir. Bu, ölkəyə strateji alternativlik qazandıracaq və 1990-cı illərdə müharibə səbəbindən kommunikasiya xətlərinin kəsilməsi nəticəsində yaranan blokada vəziyyətinin təkrarlanmasının qarşısını alacaq.
Mövcud şəraitdə Azərbaycana təzyiq göstərmək əvəzinə, İranın Ermənistana qarşı mövqeyini sərtləşdirməsi daha məntiqli olardı. Çünki ABŞ-ın regionda artan mövcudiyyəti Tehranın öz təhlükəsizlik maraqları baxımından birbaşa təhdid kimi qiymətləndirilə bilər. Bu narahatlığın yaxın gələcəkdə Ermənistan tərəfinə açıq şəkildə çatdırılması və ya məsələnin Vaşinqton–Tehran münasibətlərində yeni gərginlik dalğasına səbəb olması mümkündür.
— Ermənistanın həm Rusiya, həm də İranın maraqlarına zidd addımlar ataraq Vaşinqtonla yaxınlaşması, Tehranın regional strategiyasına hansı zərbələri vurur?
— Ermənistan uzun müddətdir qərbyönlü siyasətə üstünlük verir. Bu istiqamətdə Avropa İttifaqının mülki missiyası artıq ölkədə fəaliyyət göstərir. ABŞ-a məxsus kiçik hərbi qüvvə də bölgədə mövcuddur. Paralel olaraq, Rusiya da Ermənistanda hərbi bazalarını saxlayır. Yəni ortada həm maraqlı, həm də olduqca mürəkkəb bir geosiyasi mənzərə var.
Rəsmi İrəvan Qərbə inteqrasiyaya açıq görünür, lakin Moskva ilə də radikal qarşıdurmaya getmək istəmir. Bununla belə, Qərbin İran siyasəti fonunda bu kurs riskli görünür – xüsusən də regiondakı İran və Rusiya amilləri nəzərə alındıqda, risklərin artması qaçılmazdır.
Azərbaycan bu cür mürəkkəb vəziyyətlərdə balanslaşdırılmış mövqe nümayiş etdirir. Ermənistan isə eyni strategiyanı izləmək niyyətində deyil.
— İranın “Zəngəzur dəhlizinə qarşı hərbi müdaxilə” bəyanatlarından sonra qarşısında ABŞ-ı görməsi, Tehran üçün yeni təhlükəsizlik reallığı yaradırmı?
— Tehran üçün yeni geosiyasi reallıqlar artıq açıq şəkildə görünür və bu vəziyyəti qəbul etməkdən başqa çıxış yolu yoxdur. Çünki İranın ABŞ ilə birbaşa mübarizə aparmaq imkanları reallıqda olduqca məhduddur. Son aylarda İsraillə yaşanan 12 günlük gərginlik də bunu təsdiqlədi – İran, özündən dəfələrlə kiçik bir dövlətdən ciddi zərbələr aldı. İran üçün ən ağrılı məqamlardan biri isə atom mühəndislərinin sıradan çıxarılması oldu. Bu, Tehran üçün strateji baxımdan ağır itki idi.
Hazırkı mərhələdə ABŞ faktorunun İranın şimal sərhədlərində mövcudluğu qaçılmaz görünür. Bu, təbii ki, Tehranı narahat edə bilər və etməlidir də. Çünki indiyədək Azərbaycanın bölgədəki təsirindən narahat olan İran, ABŞ-ın nəzarət mexanizmlərindən daha çox ehtiyatlanmalıdır.
Azərbaycan üçün isə mövcud vəziyyət ciddi narahatlıq doğurmur. Risk amilləri həmişə mövcuddur, lakin danışıqların birbaşa Prezident İlham Əliyevin iştirakı ilə aparılması ölkəmizə əlavə etimad və rahatlıq verir. Dövlət başçısının diplomatik zəkası və uzaqgörən siyasəti Azərbaycanın regional proseslərdə mövqeyini daha da gücləndirir.
Digər tərəfdən, İran bu dəfə ABŞ ilə birbaşa qarşı-qarşıya qalacaq və Azərbaycanla olduğu kimi hədə dilindən istifadə etmək imkanına malik olmayacaq.
PƏRVİN ŞAKİRQIZI