Avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub. Mənbələrin məlumatına görə, yanğın qısa zamanda lokallaşdırılıb. Zərbələr nəticəsində 4 əməkdaş ağır yaralanıb, onlara təcili tibbi yardım göstərilib. Ukrayna hüquq-mühafizə orqanları bildiriblər ki, dron zərbələri yüksək dəqiqliklə endirilib və hədəfin məhz SOCAR infrastrukturu olması təsadüfi deyil. Qeyd edək ki, bu son həftələr ərzində SOCAR-ın Ukraynadakı ikinci strateji obyektinin vurulmasıdır – daha öncə Orlovka yaxınlığında yerləşən Azərbaycan qazının ötürülməsi üçün nəzərdə tutulan qazpaylayıcı stansiya Rusiya raketlərinin hədəfi olmuşdu. Bundan başqa, Rusiya Kiyevdə Azərbaycan səfirliyinin ətrafına da raket zərbələri endirib.
Şübhəsiz, bütün bu olayları Rusiyanın açıq şəkildə Azərbaycana, onun Ukrayna ilə enerji əməkdaşlığına və daha geniş mənada – Qərb strukturları ilə inteqrasiya meyillərinə qarşı mesajlar göndərməsi kimi dəyərləndirmək olar. SOCAR-ın Ukraynada vurulması bir tərəfdən Azərbaycanın Kiyevə qaz ixracını dayandırmaq məqsədi güdürsə, digər tərəfdən Vaşinqton vasitəçiliyi ilə Ermənistanla imzalanması nəzərdə tutulan sülh müqaviləsinə də yönəlmiş təzyiq jesti kimi qiymətləndirilə bilər. Bütün hallarda, SOCAR-ın vurulması Azərbaycanın enerji siyasətinə, müstəqil diplomatik manevr qabiliyyətinə və regiondakı artan nüfuzuna zərbə endirmək məqsədi güdülür. Xatırladaq ki, Ukrayna bu yaxınlarda Azərbaycan təbii qazını qəbul etməyə başlayıb. Tədarüklər Trans-Balkan magistral qaz kəməri vasitəsilə həyata keçirilir. Qeyd edək ki, Azərbaycan qazının Ukrayna bazarında peyda olması sadəcə kommersiya müqaviləsi deyil. Bu, Kiyev və Bakı arasında enerji həmrəyliyinin nümayişidir. Yeri gəlmişkən, Azərbaycan-Ukrayna münasibətləri strateji dostluq münasibətləridir və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanıyıb. Ukrayna da Azərbaycan torpaqları işğal altında olarkən daim bizə öz dəstəyini göstərib.
Bütün bunları Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaqla yanaşı, ölkəmizə qarşı düşmənçiliyini isbat edən faktlar kimi dəyərləndirmək olar. Şübhəsiz, bu Rusiyanın düşdüyü rüsvayçı vəziyyətdən, həm də bu dövlətin postsovet məkanında Ermənistandan sonra ikinci işğalçı dövlət olmasından irəli gəlir. Elə bu kimi səbəblərdən Rusiyanın təsir vasitəsi hesab etdiyi MDB də dağılmaqdadır. Gürcüstan bu qurumla bütün əlaqləri kəsib. Artıq Moldova da bu qurumu tərk edib. O, artıq Qərbə doğru gedir. Azərbaycan da bu qurumun onun tədbirlərinə qatılmır. Baş nazirin müavini Yaqub Eyyubovun MDB İqtisadi Şurasının iclasına qatılmamasını buna misal kimi göstərmək olar.
Bəli, son günlər Rusiyanın ölkəmizə qarşı hiddəti tükənmək bilmir. AZAL-ın sərnişin təyyarəsinin vurulmasının ardınca Azərbaycanın informasiya resurslarına edilən kiberhücumlar, Yekaterinburq və Rusiyanın digər şəhərlərində azərbaycanlıların zorakılıq və qətllərlə müşayiət olunan kütləvi həbslərin baş alıb getməsi də dediklərimizin sübutudur.
Azərbaycan müstəqil siyasətini qurarkən Rusiyanın neoimperial iddialarından ehtiyatla yan keçirdi. İndi isə Rusiya vəziyyəti dözülməz həddə çatdırıb. Odur ki, Azərbaycan da öz inadından, müstəqil siyasətindən dönmür. Məsələn, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq: “Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik”. Bu isə Rusiyanın xoşuna gəlmir. Yeri gəlmişkən, təyyarənin vurulmasından xeyli vaxt keçməsinə baxmayaraq, Rusiya hələ də AZAL-ın təyyarəsinin vurulmasına, nəticədə onlarla insanın ölümünə görə rəsmən günahını etiraf etməyib, üzr istəyərək kompensasiya ödəməyib.
Yaxud Prezident Əliyevin Ukraynaya təslim olmamağı və heç vaxt işğalla barışmamağı məsləhət görməsinə də Moskvanın reaksiyası özünəməxsus oldu. Bununla da sözügedən ölkə zəifliyini nümayiş etdirdi. Rusiya təbliğat maşınını tam gücü ilə işə saldı, hər yerdən Bakının "cəzalandırılması" tələb olundu. Hətta Rusiya dövlət televiziyasında Azərbaycana qarşı növbəti təxribat xarakterli materiallar yayımlandı. Belə ki, hazırlanan materiallarda Ermənistan hökuməti Qarabağdan köçən erməniəsilli şəxslərə yardım etməməkdə ittiham olunub. Guya onlar məcburi şəkildə Qarabağdan çıxarılıblar. Həmçinin beynəlxalq hüquqa zidd olaraq, dövlət televiziyasında uydurma "artsax" sözündən istifadə olunub. Rusiya dövlət televiziyasında uydurma "artsax" sözündən istifadə olunması ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün şübhə altına alınması deməkdir. Halbuki, Azərbaycan mehriban qonşuluq prinsiplərini hər zaman ön planda tutur və şimal qonşusu Rusiya ilə də əlaqələrinin yaxşı olmasına çalışır. Amma Rusiya bunu anlamır ki, anlamır.
Şübhəsiz, bütün bunlar Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin təzahürləridir.
Qvami Məhəbbətoğlu, “İki sahil”