AZ

Deputat: ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı

Publika.az Teleqraf-a istinadən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir.

- Qüdrət bəy, Vaşinqtonda ABŞ və Ermənistanla imzalanmış sənədlərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik. Bu, Azərbaycanın Rusiya və İranla münasibətlərinə necə təsir edəcək?

- Bölgəyə sülh gətirəcək, iki xalq arasında düşmənçiliyə son qoya və əməkdaşlığa yol aça biləcək istənilən sənədin imzalanması tarixi hadisədir, alqışlanmalıdır. İmzalanmış üçtərəfli Birgə Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarına, güc tətbiqindən və qisasdan imtina etdiklərinə dair öhdəlik götürürlərsə, bu, elə ilkin sülh sazişidir. Haqlı olaraq beynəlxalq birlik və media bunu bu cür də sülh sazişi kimi təqdim etdi.

Bu, Prezident İlham Əliyevin, Azərbaycanın, o cümlədən ABŞ və Ermənistanın, insanlığın böyük qələbəsidir. Bundan sonra Tramp haqq etdiyi Nobel sülh mükafatını ala bilər.

Əvvəllər müsahibələrimdə dəfələrlə söyləyirdim ki, beynəlxalq təcrübə göstərir ki, bu kimi münaqişərdə sülh sazişinin imzalanması güclü dövlətlərin vasitəçiliyi olmadan baş vermir. ABŞ dünyanın bir nömrəli iqtisadi və hərbi gücüdür. Azərbaycanda hər kəs Trampın seçkilərdə qalib gəlməsini arzulayırdı, çünki onun prezidentliyi dövründə torpaqlarımızı işğaldan azad etdik. İndi isə onun vasitəçiliyi ilə "Tramp yolu" adlanacaq Zəngəzur dəhlizi açılır, Ermənistanla ilkin sülh saziişi imzalandı. Kim demokratik ənənələri olan, inkişaf etmiş texnologiyaya sahib, dünyanın super gücü ilə yaxın olmaq istəməz ki?

Zamanında mən də bunu çox istəmişəm, amma bəzi acı reallıqları görüb ABŞ ilə münasibətlərdə ehtiyatlı olub müəyyən məsafə saxlamağın (nə dost, nə düşmən) tərəfdarı olmuşam. Ona görə ki, bu ölkədə dövlətçilikdə varislik məsələsi yoxdur. Hər yeni prezident özünü elə aparır ki, sanki ondan qabaqkı prezidentin imzaladığı sənədlərin, qəbul etdiyi qərarların ona və ABŞ-yə aidiyyatı yoxdur . Elə bil əvvəlki administrasiya başqa dövləti təmsil edib. Yeni administrasiya əvvəlki ilə yaxınlığa görə sənin ölkəni cəzalandıra da bilər. Allaha dua edək ki, gələcək ABŞ prezidentləri Trampla yaxınlığa görə bizi cəzalandırmasın.

Zelenskinin Bayden adminstrasiyası ilə yaxınlığına görə necə alçaldılması dünyanın gözü qarşısında baş verdi. Bu gün də Ukrayna alçaldıcı sülhə məcbur edilir. ABŞ-nin Ukraynanın ərazi bütövlüyü ilə əlaqədar imzaladığı Budapeşt memorandumuna sadiqliyini də gördük. Hansı ki, Ukraynaya təzyiq edib, onu aldadaraq nüvə silahını əlindən aldılar. İndi Tramp Zelenskiyə deyir ki, əlində kart yoxdu.

Təəssüf, Zelenski də ona demədi ki, ABŞ 1994-cü ildə bizi aldadaraq və təzyiq edərək həmin kartı bizim əlimizdən alıb. Başqa şoxsaylı misallar da çəkmək olar. Mövcud ikipartiyalı siyasi sistem ABŞ cəmiyyətində ciddi parçalanma, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaradıb. 2020-ci il prezident seçkilərindən sonra bu təhlükə özünü qabarıq şəkildə biruzə verdi. Bu səbəbdən ABŞ-də konstitusion islahatlara böyük ehtiyac var.

Allaha dua edək ki, Ermənistan və ABŞ öz öhdəliklərini yerinə yetirə bilsinlər, hər şey xalqların gözlədiyi, imza edən tərəflərin planlaşdırdığı kimi uğurla sonuclansın.

Təəssüf ki, Paşinyanın növbəti seçkiləri uduzmaq və ya seçkilərə qədər devrilmək ehtimalı çox böyükdür. Bu baş verərsə, formalaşacaq yeni hökumətin Ermənistanın öhdəliklərinə sadiq qalacağı az inandırıcıdır.

Rusiyanın və İranın isə bizdən narazı qalmağa haqqı yoxdur. Vətən müharibəsindən sonra Azərbaycan 3+3 formatında region dövlətlərinə əməkdaşlıq təklif etdi. Atəşkəs haqqında üçtərəfli Bəyannamənin imzalanmasından 5 ilə yaxın vaxt keçsə də, Rusiya sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana heç bir təzyiq göstərmədi, sanki nə hərb, nə də sülh vəziyyəti onu qane edirdi. İran isə açıqdan-açığa Zəngəzur dəhlizinin açılmasına qarşı mövqe ortaya qoydu.

Seçilən
79
6
publika.az

2Mənbələr