Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi və mövcud problemlərin həlli məqsədilə, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən avqustun 8-də Kotam kəndində səyyar qəbul keçirilib.
Görüşdə kənd sakinləri ilə yanaşı, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsinin müavini və bələdiyyə sədri iştirak ediblər.
İcra başçısı çıxışında ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə qazandığı uğurlar barədə ətraflı məlumat verib. Həmçinin 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində əldə edilən qələbələrin Azərbaycanın hərbi-siyasi mövqeyini daha da gücləndirdiyini qeyd edib. Hazırda işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirildiyindən, məcburi köçkünlərin doğma yurda qayıdışı üçün hərtərəfli şərait yaradıldığını vurğulayıb. İcra başçısı Zəngəzur dəhlizinin açılması məsələsinə toxunaraq bildirib ki, bu dəhliz, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsinin, eləcə də türk dünyasının iqtisadi və strateji birliyinin möhkəmlənməsinə, nəqliyyat-logistika mərkəzinə çevrilməsinə xidmət edəcək.
Görüşdə həmçinin “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən layihələr barədə məlumat verilib. Yol infrakstrukturu, məşğulluq imkanlarının artırılması, su təsərrüfatının yenidən qurulması, mədən sənayesi, konserv zavodu və digər sahələrdə genişmiqyaslı layihələrin reallaşdırılması, eləcə də Ordubad şəhər və kənd daxili avtomobil yollarının təmiri və yenidən qurulması işləri, Ordubad şəhərində yerləşən tarixi “Ərbabın iş yeri” binasının, “Sərşəhər” məscidinin əsaslı təmiri, Şəhidlər Xiyabanının təmir olunması və “Zəfər Parkı” layihəsinin həyata keçirilməsi ilə bağlı mühüm addımlar atıldığı qeyd olunub.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub. Məşğulluq, səhiyyə sahəsində olan çətinliklər, mülkiyyət hüququ və digər məsələlərlə bağlı səsləndirilən müraciət və təkliflər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirərək ölkə rəhbərliyinə təşəkkür ediblər.





