AZ

Cənubi Qafqazda yeni reallıq – Vaşinqton səfərinin pərdəarxası

Gecə saatlarında Vaşinqtonda dünya siyasi tarixində mühüm bir səhifə açıldı. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar. Bu sənəd Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşacağına işarə edir. İndi diqqət mərkəzində əsas suallar dayanır: Bu saziş regionda güc balansını necə dəyişəcək? ABŞ-ın vasitəçilikdə əsas məqsədi əslində regional sülhün bərqərar olmasıdır, yoxsa bölgədə öz geosiyasi mövqelərini gücləndirmək? Və nəhayət, bu addımı Rusiya və İranın strateji məğlubiyyəti kimi qiymətləndirmək olarmı?
 
Moderator.az-a danışan Millət vəkili Rasim Musabəyov deyib ki, Rusiya Azərbaycana və Ermənistana qarşı təzyiq siyasəti yürüdürdü.
Millət vəkili qeyd edib,  ABŞ-ın bölgədə nüfuzunun və təsir imkanlarının artması həm Rusiyanı, həm də İranı ölkəmizlə təzyiq dili ilə münasibət qurmaqdan çəkindirəcək:
 
“Azərbaycan onsuz da öz maraqlarını müdafiə etmək üçün kifayət qədər gücə malikdir – həm maliyyə, həm hərbi, həm də beynəlxalq nüfuz baxımından. Lakin ABŞ superdövlətdir və onun Azərbaycan-Ermənistan normallaşma prosesinə himayədarlığı, Zəngəzur dəhlizinin bərpası məsələsində bilavasitə iştirakı bir çox problemlərin həllinə böyük müsbət təsir göstərəcək. Bu baxımdan düşünürəm ki, Azərbaycan və Ermənistan ABŞ-ın bölgədə nüfuzunun yüksəlməsindən yalnız qazanacaqlar, bölgə ümumilikdə qazanacaqlar, dünyanın üzünə açılacaq və bu da inkişafımıza ciddi təkan verəcək.
Məsələni məğlub tərəf prizmasından qiymətləndirərkən, əgər Rusiya bunu qəbul edirsə, bu, onun həqiqətən də məğlub olduğunu göstərir. İran isə prosesdən zərər görən tərəf kimi görünür. Halbuki əməkdaşlıq üçün bölgə hamı üçün açıqdır. Sadəcə, təzyiq və hədə-qorxu dili ilə yox, imkanları genişləndirərək bölgədə iştirak etmək lazımdır. Əgər Rusiya və İran öz siyasətlərində bu dəyişiklikləri etsələr, buyursunlar, bölgədə hər bir dövlət üçün yer var. Burada ABŞ-ın hər hansı bir monopoliyasından danışmaq yersizdir. Necə ki, Rusiyanın monopoliyası da burada qəbuledilməzdir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
9
moderator.az

1Mənbələr