Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçirdiyi görüş, imzalanan sənədlər ölkəmizin növbəti diplomatik qələbəsidir. Azərbaycan lideri ABŞ-dən sülh mesajları verdi, Cənubi Qafqazda davamlı sülh və sabitliyə çağırışlar etdi.
Qətiyyətlə söyləmək olar ki, Vaşinqton görüşü zamanı uzaq perspektivə hesablanmış
tarixi nailiyyətlər əldə olundu.
Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə bölgədə sülh və sabitliyin təmin olunmasına töhfə verəcək. Beləliklə, Cənubi Qafqazın sülh və rifaha çatması istiqamətində tarixi bir fürsət əldə olundu.
Sülh sazişinin paraflanması, habelə ATƏT-in Minsk Qrupunun ləğvinə birgə çağırış da sülhə təkan kimi qiymətləndirilməlidir. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Zəngəzur Dəhlizi ilə bağlı razılaşma
həm region, həm də dünya üçün, o cümlədən Türkiyə ilə Türk dünyası arasında kommunikasiyaların açılması və əlaqələrin inkişafı kontekstində xüsusilə əhəmiyyət kəsb edir. Bu, həm də Azərbaycanın daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilmək perspektivini artırır. Dövlət başçımızın da söylədiyi kimi, ərazimizdən keçən dəhlizlər maliyyə gətirir, iş yerləri və siyasi təsir yaradır.
Azərbaycan tərəfi yekun sülh Sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.
Cənab Prezidentin ABŞ səfəri həm də Bakı ilə Vaşinqton arasında münasibətlərin yeni xarakteri baxımından vacib məqamlarla yadda qaldı.
Belə ki, artıq ABŞ ilə strateji əməkdaşlıq formatı başlayıb. Səfər çərçivəsində Bakı ilə Vaşinqton arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma Memorandumu imzalandı. Bu da ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Xartiyada gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib. Bununla enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır.
907-ci düzəlişin ləğvi isə Azərbaycanın növbəti siyasi uğurudur. Cənab Prezidentin təbirincə desək, Azərbaycanın heç bir maliyyə dəstəyinə ehtiyac yoxdur, lakin burada rəmzilik var. Ədalətsiz 907-ci düzəlişin 33 ildən sonra Azərbaycan liderinin iştirakı ilə ləğv edilməsi rəmzi xarakter daşıyır və dövlət başçımıza ehtiramın göstəricisidir.
Beləliklə, yüksək səviyyəli Azərbaycan-ABŞ münasibətləri Cənubi Qafqazda sülhü bərqərar etməyə imkan verir. Bu isə nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük fürsətdir.
Könül Nurullayeva
Milli Məclisin deputatı