AZ

Rizvan Nəbiyev: Ukraynada SOCAR-ın infrastrukturuna zərbə beynəlxalq humanitar hüququn pozulmasıdır

Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə hədəfə alınması və zərbələrə məruz qalması Rusiyanın Azərbaycana qarşı qeyri-dost əməlinin nümunəsidir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev deyib.
Deputat bildirib ki, Rusiya Ukraynada cəbhədə vəziyyətinin ağır olması ilə paralel beynəlxalq müstəvidə də izolyasiya olunmuş vəziyyətdədir: “Belə şəraitdə Cənubi Qafqazda sülhün, sabitliyin bərpa olunması müəyyən dairələri narahat edir. Bu, qətiyyən başa düşülən deyil. Çünki vaxtilə Rusiyada müəyyən dairələrin də rəvac verdiyi 30 illik işğala son qoyuldu, Ermənistandan uzun illər alət kimi istifadə olunsa da, nəhayət, bu ölkədə onlardan alət kimi istifadə olunduğunu anlayan siyasi qüvvələr ortaya çıxdı. Vaşinqton görüşünə qədər sülh müqaviləsinin mətni razılaşdırılmışdı. Bu sülhün təşəbbüskarı Azərbaycandır və sülh gündəliyini, onun prioritet istiqamətlərini müəyyənləşdirən isə Prezident İlham Əliyevdir”.

Rizvan Nəbiyev qeyd edib ki, məhz Prezidentin düşünülmüş hərbi, siyasi və diplomatik strategiyası nəticəsində torpaqlarımızın hərbi işğalına son qoyulub, uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün Ermənistan tərəfinə sülh müqaviləsinin mətni təqdim olunub. Sonrakı mərhələdə - postmüharibə dövründə dövlətlərarası normallaşma prosesi başladılıb. Burada da təşəbbüskar dövlət Azərbaycandır: “Postmünaqişə dövrü normallaşma prosesi - Zəngəzur dəhlizinin açılması, etimad tədbirlərinin yaradılması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı bir çox məsələləri özündə ehtiva edir. Cənubi Qafqazda davamlı sülhə və sabitliyə doğru ciddi və real addımlar atıldığı bir şəraitdə Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinin vurulması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna tamamilə ziddir, qeyri-dost əməldir.

Digər mühüm bir məqam ondan ibarətdir ki, beynəlxalq humanitar hüquq hərbi əməliyyatlar zamanı mülki obyektlərin qorunmasını əməliyyatlar aparan dövlətin üzərinə öhdəlik kimi qoyur. Bundan əvvəl də Rusiya Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətinə raket zərbəsi endirib. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq istəyir.
Mülki obyektlərin və infrastrukturun qorunmaması beynəlxalq hüquqla müəyyən olunmuş məsuliyyət yaradır. Bunu da Moskvada çox yaxşı bilirlər. Eyni zamanda Rusiyada olan bəzi dairələr anlamalıdır ki, Azərbaycan regionda sülhün və sabitliyin əldə olunması üçün addımları ilk növbədə məhz region xalqlarının rifahı naminə atır. Bu, hansısa bir qüvvənin regionda mövqeyinin möhkəmlənməsi və ya hər hansı qüvvənin mövqeyinə zərbə vurulması kimi dəyərləndirilməməlidir. 30 il işğaldan sonra region sülh və sabitlik əldə etmək istəyir. Azərbaycanın yaratdığı yeni siyasi reallıq yeni əməkdaşlıq imkanları təklif edir. Bu təkcə region deyil, regiondan kənarda, daha böyük coğrafiyada yerləşən dövlətlər üçün də cəlbedicidir”.

Seçilən
15
1
apa.az

2Mənbələr