AZ

Böyük sülhün bir addımlığında - Azərbaycanın möhtəşəm diplomatik qələbəsi

Cəmi beş il əvvəl Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını, eləcə də Ermənistanın, dünya ölkələrinin, beynəlxalq təşkilatların da bu reallığı qəbul edəcəyini təsəvvür edə bilərdikmi? Doğrudur, biz inanır və ümid edirdik ki, gec-tez ədalət bərpa olunacaq. Ancaq, düzünü desək, belə sürətli qələbəyə inananlar az idi. Yalnız bir nəfər hakimiyyətə gəldiyi ilk gündən qəti şəkildə bilirdi ki, axırda belə olacaq. Bu, Azərbaycan Prezidenti İlham Əliyevdir. Bunu təsdiqləyən çoxlu sayda indiki və keçmiş nazirlər, diplomatlar, siyasətçilər var. Bəli, dövlətimizin başçısı hər gün, hər saat öz tarixi missiyasını həyata keçirmək üçün bütün qüvvələri səfərbər edirdi. Biz nəyin şahidi oluruq? Azərbaycan yeganə dövlətdir ki, öz ərazi bütövlüyünü bərpa edib, incəliklə “dondurulmuş” adlandırılan, həll olunmaz kimi incə göstərilməyən münaqişənin ədalətli həllinə nail olur. Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu, eyni zamanda digər vacib bir sənəd Əliyev, Paşinyan və Tramp Azərbaycan–Ermənistan münasibətləri, ümumilikdə Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab ediləcək Birgə Bəyannamə imzaladı. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan birgə bəyannamə, eyni zamanda sülh sazişinin paraflanması, ATƏT-in Misk Qrupunun ləğv edilməsi məqsədilə ATƏT-in Baş Katibinə birgə müraciətin edilməsi regionda yeni dövrün başlandığını deməyə əsas verir. Cənab Prezidentin də bəyan etdiyi kimi, “Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, bölgəmizə dayanıqlı sülh gəlib”. Bəli, biz böyük sülhün bir addımlığındayıq. 8 avqust traixi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Vaşinqtonda Azərbaycan və Ermənistan münasibətlərində əldə olunan tarixi nailiyyətlər Azərbaycan rəhbərinin səriştəli hesablamasının, güclü iradəsinin və diplomatik istedadının nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev nəyi, necə və nə vaxt edəcəyini bilən liderdir. O, perspektivləri görür və hər bir qərarı dəqiq hesablayır, ölkəni milli maraqlarını müdafiə edir. Bunun mümkün olması, ilk növbədə, Azərbaycan Prezidentinin xidmətidir. Çoxları Amerika platformasındakı görüşün gözlənilməz və kortəbii olduğunu düşünürdü, amma əslində, təbii ki, belə deyil. Buna nail olmaq üçün çox böyük diplomatik iş aparıldı. İlham Əliyev respublikaya rəhbərlik edərək Azərbaycan xalqına ölkənin ərazi bütövlüyünü bərpa edəcəyini vəd etdi və vədini də yerinə yetirdi. O, bu məqsədinə çatmaq üçün ən çətin yolla - güclərin və beynəlxalq təşkilatların ciddi müqavimətinə, təzyiqlərinə baxmayaraq, istənilən kompromisləri rədd edərək getdi. Azərbaycan Prezidenti bütün bunlara tab gətirdi və erməni işğalı problemini məntiqi sonluğa çatdırdı. 2020-ci il müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Bu, böyük uğur idi. Sonra bu qələbəni möhkəmləndirmək üçün işlər başladı. Prezident yenidən beynəlxalq diplomatiya üzrə ustad dərsi göstərdi, deyə bilərik ki, 44 günlük Vətən Müharibəsinin nəticələrini qəbul etmək istəməyən, regionda yaranmış yeni reallığın, sabitliyin pozulması üçün boşluqlar axtarmağa çalışan hər kəsə dərs oldu. Bu uğurları əldə etmək asan olmayıb. Azərbaycan bir neçə yerli əməliyyat keçirməli oldu, 2023-cü ilin aprelində Laçın sərhəd-keçid məntəqəsi istifadəyə verildi. Bu, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda öz qanuni hüquqlarına inamla daxil olduğunu bütün dünyaya nümayiş etdirən əlamətdar hadisə idi. Prezident İlham Əliyevin buraxılış məntəqəsinin açılışından bir neçə ay sonra Laçına səfəri zamanı dediyi kimi, “Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsi yaratmaqla biz nəhayət, ərazi bütövlüyü məsələsini həll etdik”. Üç ay sonra, 2023-cü il sentyabrın 19-da Azərbaycan nəhayət, bütün ölkə əraziləri üzərində öz suverenliyi və bu ərazilərdə qanunsuz silahlı birləşmələrin olması məsələsini həll etdi. Bu, bir gündən az müddətdə həyata keçirilən parlaq antiterror əməliyyatı idi. Azərbaycan bütün Qarabağ üzərində nəzarəti bərpa edərək, nəhayət, qonşusunun ərazi iddialarına son qoydu. Bu əməliyyat 44 günlük müharibə kimi digər ölkələrin hərbi ekspertləri tərəfindən də öyrənilir. Çünki ötən 80 il ərzində heç kim bütün torpaqlarının azad edilməsi, işğalçının təslim olması ilə müharibədə tam qələbə qazana bilməyib. Prezident İlham Əliyevin qarşıya qoyduğu bu məqsədə uğurla nail olundu. Ölkənin hərbi gündəmi bağlandı və sülh gündəmi ilə əvəz olundu. Azərbaycan daha döyüşmək fikrində deyildi, baxmayaraq ki, ordunun gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Hələ 2023-cü il antiterror əməliyyatından əvvəl Bakı sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Təşəbbüsün müəllifi prezident olub. Ölkəmizin, xalqımızın yaşadıqları bütün faciələrə, işğalın Azərbaycana vurduğu bütün zərərlərə baxmayaraq, Azərbaycan rəhbəri keçmiş işğalçıya Ermənistanı aşağılayacaq sənəd deyil, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə əsaslanan və iki xalq üçün uzunmüddətli sülhü təmin edən saziş imzalamağı təklif edib. Bu, Bakının Azərbaycanın geniş ruhunu, onun rəhbərinin müdrikliyini göstərən çox humanist addım idi. Qalib ölkə məğlub olan düşmənə ədalətli sülh üçün bərabər şərait təklif edir.

Təəssüf ki, İrəvan reallığı dərhal dərk etmədi və yenə də reallıqdan kənar məsələlər təklif etməklə maneələr yaratmağa davam edirdi. Yada salmaq kifayətdir ki, 2023-cü ilin sentyabrında 1 günlük anti terror əməliyyatından əvvəl İrəvan layihəyə Qarabağ erməniləri ilə bağlı bənd daxil etməkdə israrlı idi. İrəvanı buna region üçün planlar hazırlayan və buna görə də qeyri-sabitliyin saxlanmasında maraqlı olan müttəfiqləri təşviq edirdi. Amma Azərbaycan prezidenti Bakının bütün digər addımları kimi ən xırda detallarına qədər düşünülmüş antiterror əməliyyatına da sanksiya verməklə bütün bu planları məhv etdi.

Sülh prosesinin ləngiməsində aparıcı rolu Ermənistanın müttəfiqləri oynayıb. Bayden administrasiyası bu "prosesə" rəhbərlik edirdi. Bayden-Blinken tandemi və Fransa prezidenti Makron Bakının təşəbbüslərini neytrallaşdırmaq və normallaşma prosesinə öz gündəmlərini sırımaq üçün xeyli səy göstərdilər. Bunun üçün çox çirkin üsullardan istifadə olunurdu. Təxribatın ardınca təxribat gəldi, bir sıra ölkələrin parlamentlərində, Avropa və insan haqları təşkilatlarında Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılırdı. 2023-cü ilin sentyabrından sonra isterika getdikcə sürətini itirməyə başladı, çünki dünya hadisələrə antiazərbaycan düşərgəsinin gözlədiyi kimi reaksiya vermədi. Görülən bütün işlər ciddi şəkildə dövlətin qanuni hüquqları çərçivəsində edilib, ölkəmizi, xalqımızı gözdən salan bir addım belə atılmayıb. Hətta “etnik təmizləmə” çağırışları da nəticə vermədi – axır ki, onların reallığa uyğun gəlmədiyi hamıya aydın idi.

Mənfur kampaniya Co Baydenin kreslosunun titrəməsi ilə sona çatdı. Antiazərbaycan kampaniyasında iştirak edənlərin qeyri-qanuni hərəkətləri və Amerikanın maraqları və qanunları ilə ziddiyyətlərindən qaynaqlanan öz problemləri var. Prezident İlham Əliyevin Vaşinqtona səfəri, Nikol Paşinyanla birgə imzalanan sənədlər – bu, antiazərbaycan “cəbhəsinin”, eyni zamanda, prezident Emmanuel Macron, Parisdən “Artsax”ı tanımasını tələb edən fransız parlamentarilərinin iflasıdır. Bu, hamının düşündüyü kimi, ANCA-nın rəhbərlik etdiyi güclü və super nüfuzlu erməni lobbisinin və diasporunun məğlubiyyətidir. Erməni lobbisi ABŞ rəhbərliyinə müraciətlər və gözyaşardıcı mesajlarla hücum edir, ermənilərin Qarabağa qayıtmasına zəmanət olmadan Azərbaycanla sənədlər imzalamamağı tələb edir, “etnik” təmizləmə faktının tanınması və digər cəfəngiyat irəli sürürlər. Avropa Parlamenti, Qərb mediası, müxtəlif “Amnesty International”, “Human Rights Watch”ın cəhdlər baş tutmadı. Azərbaycanı sanksiyalarla hədələyənlər indi haradadırlar? Josep Barrell vəzifəsiz qocalığını yaşamağa getdi, Frank Pallone artıq həbsdədir və Adam Şiff tezliklə həbsdə olacaq. Yuxarıda adları çəkilən bütün şəxslərin və təşkilatların sayəsində Azərbaycanla Ermənistan arasında sülh prosesi uzandı, baxmayaraq ki, müharibədən sonra normal münasibətlərin qurulmasına başlamaq mümkün idi. Real sülh danışıqları, artıq qeyd etdiyimiz kimi, yalnız 2023-cü ilin sentyabrında Anti-terror əməliyyatından sonra başladı, çünki xarici maraqlı tərəflər yoxa çıxdı və İrəvanla kənar şəxslər olmadan danışmaq mümkün oldu. Nəticə daha bir mühüm addım oldu - 2024-cü ilin mayında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlandı. Bu ilin martında sülh müqaviləsinin mətni ətrafında müzakirələr nəhayət başa çatıb. Lakin Ermənistan hələ də əsas şərti yerinə yetirməyib - Konstitusiyaya dəyişiklik etməyib. Ümid var ki, 2026-cı ildə keçiriləcək referendum zamanı erməni xalqı müdriklik nümayiş etdirərək lazımi düzəlişlərə səs verəcək. Bu baş verən kimi iki ölkə arasında dövlətlərarası münasibətlərin və sülhün yaradılmasına dair faktiki müqavilənin imzalanması prosesi başlayacaq.

Vaşinqtonda imzalanan birgə bəyannamə sülh müqaviləsi istiqamətində atılan ən mühüm addımdır. Bu, Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. İrəvan Bakının bütün şərtlərini qəbul edib. Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət imzaladı. Ermənistan Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadı öz Konstitusiyasından çıxarmağa razılıq verdi. Cənab Prezidentin dediyi kimi: “Ermənistanın necə deyərlər “ev tapşırığı” var. Onların Konstitusiyada Azərbaycana qarşı olan ərazi iddaları imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Bu dəyişikliklər edildikdən sonra sülh sazişi istənilən vaxt imzalana bilər. Bu gün mən suallara cavab verərkən dedim ki, Azərbaycan və Ermənistan rəhbərləri paraflanmanı Ağ Evdə etməyi qəbul edibsə, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Bu, hesab edirəm ki, Azərbaycan – Ermənistan və bölgə üçün xüsusi əhəmiyyətə olan məsələdir”.

Azərbaycan sülh imzalanacağı təqdirdə onun üçün hansı imkanların açılacağını qonşusuna dəfələrlə göstərib. İndi də Ermənistanın baş naziri ABŞ prezidenti ilə görüşür və onunla ikitərəfli sənəd imzalayır. İrəvan belə bir şey təsəvvür edə bilərdimi? Donald Tramp nümayişkaranə şəkildə erməni tərəfi ilə məsafə saxladı, hətta diasporun səyləri də fayda vermədi. Amerika liderinin, təbii ki, bunun öz səbəbləri var idi.

Azərbaycan Prezidentinin daha bir uğuru Zəngəzur dəhlizinin xəyaldan reallığa çevrilməsi oldu. İlham Əliyev həmişə vurğulayırdı ki, Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyalar açıq olmalıdır və olacaq. Vaşinqtonda imzalanan birgə bəyannamə Azərbaycanın regionda dünya dövləti səviyyəsində yaratdığı status-kvonu bir daha təsdiq etdi. İndi heç kim şübhə edə bilməz ki, Cənubi Qafqazın yeni reallığı nəhayət beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur.

Prezident İlham Əliyev "Füzuli Şəhəri Günü"ndə çıxış edərkən mühüm bir anons vermişdi: “Biz haqq yolundayıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”. Biz inanırıq ki, bu da olacaq. Bu məqsədə Vaşinqtonda mətbuatda verilən məlumatlarda nail olunacaq. Vaşinqtonda baş verənlər Azərbaycanın qələbəsidir, prezident İlham Əliyevin qələbəsidir. Azərbaycan lideri bu döyüşdə də qələbə qazandı.

Daha bir vacib uğur isə ABŞ prezidenti Donald Trampın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin icrasını dayandıran sənədi imzalaması oldu. Prezident İlham Əliyevlə Prezident Donald Trampın uğurlu əməkdaşlığının nəticəsi olan bu qərar Azərbaycanın 33 ildir məruz qaldığı ədalətsizliyə son qoyur. Bu, mahiyyət etibarı ilə Azərbaycan xalqı üçün faciəli bir ildə, erməni silahlılarının Xocalıda soyqırım törətdiyi, Şuşa və Laçının işğalı zamanı baş vermişdir. Nəhayət, ölkəmizə qarşı bu ədalətsizlik aradan qalxdı.

Ölkə başçısı, bir daha bütün dünyaya, hətta Azərbaycanın haqlı mövqeyinə qarşı çıxan siyasi dairələrə, revanşist qüvvələrə, Azərbaycanı daxildən parçalamağa çalışan təşkilatlara, dövlətimizin inkişafını, bütövlüyünü qəbul etmək istəməyən anti- milli qruplara, özünü radikal müxalifət adlandıran, lakin Qarabağ və Şərqi Zəngəzurunun işğaldan azad olunmasına, bu tarixi ərazilərdə aparılan tikinti-quruculuq işlərinə, oz doğma yurdlarına qayıdan insanların xoşbəxtliyinə sevinməyən şəxslərə sübut etdi ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq, öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edib və dayanıqlı, davamlı inkişaf edərək Cənubi Qafqaz regionunun lideri statusunu qazanıb.

Biz Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının aşkar və danılmaz olduğunu - möhtəşəm və tarixi uğurunu bildiririk. Bunun sayəsində biz nəinki döyüş meydanında qələbə qazanaraq Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqlarımızı geri qaytardıq, həm də bu epoxal nailiyyəti hüquqi cəhətdən rəsmiləşdirdik. Bundan sonra heç kim Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala bilməz. Bundan sonra hər kəs gördü ki, Azərbaycan Prezidenti İlham Əliyevin qarşısına qoyduğu istənilən məqsədlər son nəticədə həyata keçirilir. Bu belə olub, belədir və belə olacaq.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor

Seçilən
3
ikisahil.az

1Mənbələr