Azərbaycan yalnız hərbi və siyasi sahədə deyil, diplomatiya meydanında da mühüm qələbələr qazanmaqda davam edir. Ölkəmiz ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti təmin etdikdən sonra bu istiqamətdə həm də beynəlxalq münasibətlər müstəvisində mühüm strateji nailiyyətlərə imza atdı. Vaşinqtonda imzalanan iki mühüm sənəd - Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Sazişi və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Azərbaycan diplomatiyasının, konkret olaraq Azərbaycan Prezidenti İlham Əliyevin növbəti uğuru kimi tarixə düşdü.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar söyləyib.
Onun sözlərinə görə, Vaşinqtonda sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində ən mühüm mərhələlərdən biridir: “Yenə də Ermənistan Konstitusiyasında zəruri dəyişikliklər edilmədiyindən sülh sazişinin imzalanması birbaşa baş tutmadı. Lakin artıq proses Ermənistan üçün geridönməz mərhələyə qədəm qoyub. Ermənistan üçün bu proses yeni iqtisadi imkanlar, tranzit layihələrə qoşulmaq şansı və regional əməkdaşlıqdan faydalanmaq deməkdir. Azərbaycan isə bu sazişin olub-olmamasından asılı olmayaraq, hərbi, iqtisadi və diplomatik müstəvidə qalib tərəf olaraq, öz mövqeyini daha da möhkəmləndirməkdədir. Bu sənədlər yalnız regional münasibətlərin gələcəyinə təsir göstərmir, həm də illərlə Azərbaycana qarşı edilmiş ədalətsizliklərin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Ülviyyə Zülfiqar diqqətə çatdırıb ki, ən mühüm hadisələrdən biri də ABŞ Konqresinin vaxtilə qəbul etdiyi, lakin indi ləğv edilən 907-ci düzəlişdir. “1992-ci ildə qəbul edilən bu düzəliş Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə baxmayaraq, ABŞ hökumətinin Azərbaycana birbaşa yardım göstərməsini qadağan edirdi. Ədalətsizlik ondadır ki, həmin dövrdə Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal altında idi, 1 milyondan çox qaçqın və məcburi köçkün çadırlarda yaşayırdı. Lakin ABŞ-ın yardımı məhz işğala məruz qalan tərəfə deyil, təcavüzkar tərəfə yönəlirdi. Bu, beynəlxalq hüququn prinsiplərinə, ədalət və humanizm anlayışına zidd idi. 907-ci düzəlişin ləğvi təkcə siyasi deyil, həm də mənəvi ədalətin bərpasıdır. Bu addım Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığı daha da gücləndirəcək və qarşılıqlı etimadı möhkəmləndirəcək”, - deyə o qeyd edib.