Qətər Dövləti, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilkin imzalanmasını alqışlayır.
Operativ Media xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Qətər ümidvar olduğunu bildirib ki, saziş iki ölkə arasında mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın yeni mərhələsinin əsasını qoyacaq, bununla da iki xalqın sülhə, inkişafa və firavanlığa nail olmaq, eləcə də regional sabitlik və təhlükəsizliyi gücləndirmək istiqamətindəki istəklərini reallaşdıracaq.
Qətər Dövləti, Ermənistan və Azərbaycan arasında sazişin ilkin imzalanmasına nail olmaq üçün göstərdiyi səylərə görə ABŞ-yə təşəkkürünü ifadə edib.
Bəyanatda, həmçinin Qətərin gərginliyin azaldılmasına, münaqişələrin diplomatik yolla həllinə, eləcə də regional və beynəlxalq səviyyədə sülh, inkişaf və rifahın əsaslarının möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəklədiyi vurğulanıb.