AZ

Aygün Attar: Vaşinqton görüşü Prezident İlham Əliyevin çoxvektorlu siyasətinin növbəti uğurudur

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Ankara, 9 avqust, AZƏRTAC

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünün nəticələri Prezident İlham Əliyevin çoxvektorlu siyasətinin növbəti uğurudur. Rəsmi Bakı qarşıya qoyulan məqsədlərə çatmaq üçün müxtəlif dialoq kanallarından istifadə etməyə hazır olduğunu dünyaya nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu dəyərləndirməni Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri, professor Aygün Attar Türkiyə televiziyasında ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanın ABŞ və Avropa İttifaqı ilə dialoqu, İsrail, İraq, Suriya və bir çox başqa ölkələrlə dialoqun inkişafı Bakının beynəlxalq münasibətlərdə hörmətinin və yüksək nüfuzunun göstəricisi, qarşılıqlı fəaliyyət üçün güclü iqtisadi bazanın formalaşmasının nəticəsidir.

Professor qeyd edib ki, Ağ evdəki görüşdə Cənubi Qafqaz regionunda qüvvələr balansının dəyişməsi tendensiyası da öz əksini tapıb. TADİV rəhbəri deyib: “Vaşinqtonun rəhbərliyi onun sülh prosesinə və münasibətlərin normallaşmasına verdiyi töhfə kontekstində yaranıb. A.Attar ABŞ-ın Azərbaycana qarşı əsassız məhdudiyyətlərinin aradan qaldırılmasının, eləcə də Vaşinqtonun Cənubi Qafqazda kommunikasiyaların açılmasında iştirakının vacibliyini qeyd edib. Onun fikrincə, “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” (TRIPP) nəqliyyat layihəsi həm də Rusiyanın Cənubi Qafqazdakı xarici siyasətinin boşluqlarının və səhvlərinin nəticəsidir, burada son dövrdə Azərbaycana və azərbaycanlılara qarşı açıq şəkildə qəbuledilməz addımlar atılıb.

Professor AZAL-ın təyyarəsinin atəşə tutulmasını, eləcə də azərbaycanlıların haqlı hiddətinə səbəb olan Azərbaycan diasporunun nümayəndələrinə qarşı zorakılıq faktlarını misal çəkib.

TADİV rəhbəri Moskvanın regional dialoq təşəbbüslərinə, xüsusən də “3+3” formatına zəif marağına da diqqət çəkib.

Professor ATƏT-in Minsk qrupunun nəinki Ermənistan-Azərbaycan münaqişəsinin həllini yaxınlaşdırmayan, hətta problemlərin həllini çətinləşdirən uzunmüddətli missiyasının iflasa uğradığını vurğulayıb.

A.Attar Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində Bakıya dəvətsiz gəlmiş ATƏT-in Minsk qrupunun nümayəndələri ilə görüşünü xatırladıb: "Artıq işğal olunmuş torpaqların azad edilməsi uğrunda tarixi müharibənin getdiyi günlərdə Azərbaycan lideri ATƏT-in Minsk qrupunun faktiki səmərəsizliyini açıq şəkildə bəyan etdi. Ona görə də Azərbaycan və Ermənistanın bir gün əvvəl bu strukturun ləğvi ilə bağlı birgə çağırışı sadəcə faktın ifadəsidir".

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
azertag.az

2Mənbələr