AZ

Fatma Yıldırım: “Tramp Yolu” layihəsi regionda sülh, inkişaf və rifahın yeni ünvanına çevriləcək

BAKI, 9 avqust. TELEQRAF

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sənəd — “Trump Route for International Peace and Prosperity” (Tramp Yolu) layihəsi — ölkəmizin diplomatiya salnaməsinə qızıl hərflərlə yazılacaq növbəti böyük qələbədir. Bu sənəd, illərdir gərgin müzakirələrin və ardıcıl diplomatik səylərin nəticəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, strateji düşüncə və uzaqgörən siyasətinin bariz nümunəsidir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Fatma Yıldım deyib.

O qeyd edib ki, “Tramp Yolu” Azərbaycanın əsas ərazisini uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, ölkəmizi birbaşa qardaş Türkiyəyə bağlayacaq: "Bu layihə təkcə yeni bir nəqliyyat xətti deyil, həm də enerji, ticarət, logistika və kommunikasiya sahələrində böyük strateji imkanlar yaradan regional körpüdür. Bu marşrut Orta Asiyadan Avropaya qədər uzanan yeni iqtisadi və ticarət magistralını formalaşdıraraq bütün bölgənin inkişafına təkan verəcək.

Bu layihənin əhəmiyyəti həm də siyasi müstəvidə özünü göstərir. Azərbaycan və Ermənistan arasında imzalanan bu sənəd regionda uzunmüddətli sülhün möhkəmlənməsi, xalqlar arasında qarşılıqlı etimadın bərpası və əməkdaşlıq üçün yeni səhifənin açılması deməkdir. Bu, yalnız Azərbaycan və Türkiyənin deyil, bütün Cənubi Qafqazın və qonşu dövlətlərin faydalanacağı bir təşəbbüsdür".

Deputat hesab edir ki, Prezident İlham Əliyevin xarici siyasət kursu hər zaman milli maraqlarımızı təmin etməyə yönəlib və bu istiqamətdə əldə olunan hər bir uğur xalqımız tərəfindən böyük dəstək görüb: "Azərbaycan xalqı bu gün də öz liderinin ətrafında bir yumruq kimi birləşərək onun atdığı hər addımı dəstəkləyir.

Əminliklə deyə bilərik ki, “Tramp Yolu” layihəsi regionda sülh, inkişaf və rifahın yeni ünvanına çevriləcək. Bu yol, həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan gələcəyimizin güvənli təminatıdır”.

Seçilən
121
8
teleqraf.com

3Mənbələr