AZ

7 bəndlik Tramp-Əliyev-Paşinyan Bəyannaməsi tarixi prosesi dəyişdirdi...


Abutalıb Səmədov: “Azərbaycanla Ermənistan arasında düşmən münasibətlərinə son qoyacaq, normal qonşuluğu, əməkdaşlığı təmin edəcək sənəd imzalandı”

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair 7 bənddən ibarət Birgə Bəyannaməni imzalayıblar.

Amerikada Trampın iştirakı ilə Əliyev və Paşinyanın imzaladığı bu Bəyannamənin sülh sazişindən əvvəl ABŞ kimi bir güclü dövlətdə, Tramp kimi güclü prezidentin iştirakı ilə imzalanması Cənubi Qafqazda münasibətlərin daha tez normallaşmasında, sabitliyin daha möhkəm inkişafında, rifahın təmin olunmasında, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında necə rol oynayacaq? Ümumiyyətlə, bu imzalanan bəyannamənin əhəmiyyəti nədir?

“Bəyannamədə yer alan ən mühüm məqamlardan biri...”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a “Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda, “Ağ Ev”də imzaladığı sənədlər barədə ən düzgün qiyməti Azərbaycan Prezidenti verdi və “biz tarix yazırıq” dedi. Həqiqətən də avqustun 8-də dünyada qətiyyən gözlənilməyən bir hadisə baş verdi, Azərbaycanla Ermənistan arasında düşmən münasibətlərinə son qoyacaq, normal qonşuluğu, əməkdaşlığı təmin edəcək sənəd imzalandı. Bəyannamədə qeyd olundu ki, tərəflər bundan sonra da sülh sazişinin imzalanması istiqamətində mövcud maneələri aradan qaldırmaq üçün birgə fəaliyyət göstərəcəklər və həm sazişin imzalanmsı, həm ratifikasiya olunması üçün zəruri addımlar atılacaq. Yəni Azərbaycanın iki tələbi reallaşacaq və biri demək olar ki, dərhal reallaşdı. Söhbət Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməkdən gedir, bu barədə Bəyannamənin mətnində də göstərilir. Tərəflərbütövlükdə Minsk prosesinin ləğvi ilə bağlı ATƏT-ə müraciət edirlər və digər dövlətlərdən də bu müraciətə dəstək vermələrini xahiş edirlər. İkinci mühüm məqam sülh sazişinin mətninin paraflanması ilə bağlıdır”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar və bu o deməkdir ki¸ bu mətn bundan sonra heç bir dəyişikliyə məruz qalmadan imzalanmalıdır: “Üçüncü məqam, təbiidir ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ordan Azərbaycana qarşı torpaq iddialarının çıxarılması məsələsidir ki, bu da Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra yəqin reallaşacaq. Bəyannamədə yer alan ən mühüm məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizi Ermənistanın və Azərbaycanın tələbləri nəzərə alınmaqla açılacaq, bu dəhliz 99 il müddətinə ABŞ-ın nəzarətinə keçəcək. Söhbət dəhlizin Ermənistanın suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməsindən və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən həmin yolda maneəsiz hərəkətin təmin olunmasından gedir. Bu qərar, təbiidir ki, ilk növbədə İran üçün çox böyük zərbə oldu. Çünki ən yaxın dostu və müttəfiqi olan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini qəbul etməyən İran indi həmin dəhlizə ABŞ-ın nəzarət etməsi ilə barışmaq məcburiyyətində qalacaq. Üstəlik, dəhlizdə görüləcək işləri də ABŞ-ın şirkətləri həyata keçirəcəklər. Azərbaycan ərazisində İsrail firmasının müəyyən işlər görməsini çox böyük narahatlıqla və narazılıqla qarşılayan İran indi düz sərhədində Amerika şirkətlərinin fəaliyyəti və yol hazır olandan sonra ona nəzarəti həyata keçirməsi ilə barşmaq məcburiyyətində qalacaq. Nəzarət də, təbiidir ki, minlərlə silahlı tərəfindən həyata keçirilməlidir. Çünki söhbət təhlükəsiz, maneəsiz hərəkətin təmin olunmasından gedir və 43 kilometri tamamilə təhlükəsiz zonaya çevirmək üçün minlərlə amerikalının burda yola nəzarət etməsi tələb olunur. Bu da İranın maraqlarına qətiyyən cavab vermir. Bundan sonra İranın reaksiyası necə olacaq? Prezidentin nəzərdə tutulan səfəri təxirəmi salınacaq, yoxsa nəzərdə tutulduğu vaxtda reallaşacaqmı, bunu da yaxın günlərdə baş verən hadisələr göstərəcək.

Bir şey aydındır - ABŞ-da imzalanan sənədlər bölgədə Rusiyanın və İranın maraqlarına ağır zərbə oldu. ABŞ-ın bölgədə möhkəmlənməsi üçün şərait yaratdı. Yeri gəlmişkən, Paşinyanın bu addımı son dərəcə cəsarətli bir addım kimi qiymətləndirilməlidir. Çünki ən yaxın tərəfdaşı olan İranın maraqlarına bu şəkildə zərbə vurmaq, Rusiyadan sonra İranı da özünə (söhbət Paşinyandan gedir) düşmən etmək çox böyük risqdir. Son günlərdə baş verən hadisələr İranın və Rusiyanın hansı addım atacağını açıq şəkildə nümayiş etdirəcək. Bir şey aydındır ki, bölgədə sülhün bərqərar olunması, normal qonşuluğun, əməkdaşlığın yaradılması üçün çox mühüm addım atılıb. Bu addım həm Azərbaycanın, həm Ermənistanın, həm Türkiyənin, həm ABŞ-ın maraqlarına cavab versə də, Rusiyanın və İranınmaraqlarına qətiyyən uyğun deyil. Onlar bu prosesə mane olmaq üçün əllərindən gələni etməyə çalışacaqlar. Ancaq prezident Trampın qarşıya qoyduğu məqsədə nail olmaq üçün göstərdiyi qətiyyəti nəzərə alsaq, güman etmək olar ki, İranın və Rusiyanın atacağı addımlar heç bir effekt verməyəcək. Ancaq addımlar atılacaq, çünki Rusiya və İran bu hadisə ilə qətiyyən barışmayacaqlar”.

İradə SARIYEVA

Seçilən
59
50
baki-xeber.com

10Mənbələr