Azərbaycan və ABŞ prezidentlərinin qarşıdakı aylarda imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Xartiyası və bu istiqamətdə Vaşinqtonda təsis edilmiş Strateji İşçi Qrupu iki ölkə münasibətlərinin tarixində yeni və həlledici mərhələnin başlanğıcıdır. Dünyanın ən güclü dövləti ilə strateji müttəfiqlik hər bir ölkə üçün böyük siyasi nüfuz, iqtisadi imkanlar və təhlükəsizlik təminatı deməkdir. Bu möhtəşəm diplomatik irəliləyişin arxasında isə Prezident İlham Əliyevin illərlə formalaşdırdığı nüfuz, qətiyyət və dövlətçilik iradəsi dayanır.
Bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “İki sahil”ə açıqlamasında deyib.
O, hesab edir ki, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial xarici siyasəti sayəsində Azərbaycan, post-münaqişə mərhələsində regionun aparıcı sabitlik dayağına çevrilmiş, ərazi bütövlüyü prinsiplərinin beynəlxalq səviyyədə qəbul edilməsinə nail olmuşdur: “Prezident İlham Əliyevin təşəbbüskarlığı nəticəsində ölkəmiz yalnız regionda deyil, qlobal miqyasda da etibarlı və sözükeçən tərəfdaş kimi qəbul edilir. Vaşinqtonda keçirilən son görüş isə, əslində, Azərbaycanın dünya gücləri sırasında mövqeyini möhkəmləndirən siyasi zəfərdir”.
Ramil İskəndərli qeyd edir ki, bir vaxtlar Bayden–Blinken administrasiyasının Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibət, hətta sanksiya planlarının gündəmə gətirilməsi ölkəmizi təzyiq altına almağa yönəlmişdi: “Lakin Prezident İlham Əliyevin qəti mövqeyi və siyasi iradəsi bu cəhdləri boşa çıxardı. Bu proses düşmən mövqedə olan qüvvələrə sarsıdıcı zərbə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenada daha güclü aktora çevrilməsinə gətirib çıxaracaq”.
İmzalanması nəzərdə tutulan Xartiya təkcə sənəd deyil, həm də enerji, nəqliyyat, ticarət, süni intellekt və müdafiə sahələrində genişmiqyaslı əməkdaşlıq üçün yol xəritəsidir. Vaşinqtonda SOCAR ilə “ExxonMobil” arasında imzalanmış memorandum isə Prezident İlham Əliyevin diplomatik iradəsinin real və ölçülə bilən nəticəsidir.
Ramil İskəndərli Xartiyanın gələcək rolunu aşağıdakı kimi görür:
“Bu proses bir daha sübut edir ki, İlham Əliyevin liderliyi altında Azərbaycan təkcə regional güc mərkəzinə çevrilmir, həm də onu zəiflətmək istəyən qüvvələri ardıcıl şəkildə neytrallaşdıraraq milli maraqlarını təmin edir. Bu, qətiyyət, uzaqgörənlik və diplomatik ustalığın qlobal səviyyədə parlaq nümunəsidir.”