AZ

“Vaxtilə Heydər Əliyevə də kimlərsə ultimatum vermişdi- axırı nə oldu?..- Bir növ dünya üzrə qumar gedir...”

“Putinin ən güclü tərəfi odur ki, rus xalqı qoyun kimidir. O hər nə qədər bu xalqın cibinə girib onu soysa da, əzsə də, alçaltsa da, bu toplum dözür. Rusiya cəmiyyətinin dözümlülüyü hədsizdir və bu, Putinin əsas siyasi gücüdür...”
 
“Hər hansı bir siyasi lider digərinə ultimatum verəndə düşünməlidir ki, həmin ultimatimun müddəti başa çatdıqdan sonra onda irəli sürülmüş işlərin həyata keçirilməsi reallıqda mümkün olacaq, yoxsa yox..."
 
Politoloq Zərdüşt Əlizadə Moderator.az əməkdaşının “Dünən – avqustun 8-də Tramp-Əliyev-Paşinyan görüşlərinin başlandığı və Azərbaycanla Ermənistan arasında sülh barədə sənədlərin imzalanmasına hazırlıq getdiyi bir vaxtda ABŞ prezidentinin işğalçı Rusiya diktatoru V.Putinə verdiyi ultimatumun vaxtı da bitdi. Bu mövzuda nə düşünürsüz” sualını cavablandırarkən belə deyibş
 
Ultimatum verən liderlər bunu həyata keçirə biləcəklərinə əmin olmalıdırlar...
 
Zərdüşt Əlizadə keçmişdə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin də analoji vəziyyətlə qarşılaşdığını xatırladıb:
 
“Vaxtilə Heydər Əliyevə də kimlərsə ultimatum vermişdi ki, Naxçıvana gedib elə edəcəm, belə edəcəm- axırı nə oldu? Heydər Əliyev Naxçıvan hava limanının eniş zolağına bir neçə yük maşını qoydu və nəticədə Bakıdan gələn təyyarələr oraya eniş edə bilmədi. Vəssalam.”
 
Siyasi şərhçi ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi ultimatumun effektivliyinə dair fikirlərini bölüşərək bildirib:
 
“Tramp da Putinə sözdə çox ultimatumlar verə bilər. Amma nüvə silahı baxımından Rusiya ilə ABŞ arasında paritet - bərabərlik var. Quru qoşunlar sahəsində Rusiya ilə Amerikanın təması yoxdur- vuruşmurlar. Raket silahları baxımından təxminən bərabərdirlər.”
 
İqtisadi güc və ordunun üstünlüyü...
 
Politoloq iqtisadi gücün nə qədər əhəmiyyətli olduğunu şübhə altına alıb:
 
“Düzdü, iqtisadi baxımdan Amerika Rusiyanı 10 dəfə geridə qoyur. Ancaq indiki halda iqtisadi gücün nə əhəmiyyəti var? Əsas güc ordudur.”
 
Putinin gücü və rus xalqının dözümlülüyü...
 
Zərdüşt Əlizadə Vladimir Putinin siyasi gücünü rus xalqının dözümlülüyü ilə əlaqələndirərək, əlavə edib:
 
“Və Putinin digər ən güclü tərəfi isə odur ki, rus xalqı qoyun kimidir. O hər nə qədər bu xalqın cibinə girib onu soysa da, əzsə də, alçaltsa da, bu toplum dözür. Rusiya cəmiyyətinin dözümlülüyü hədsizdir və bu, Putinin əsas siyasi gücüdür.” 
 
Politoloq vurğulayıb ki, belə bir vəziyyətdə, Trampın verdiyi ultimatum heç bir fayda verməyəcək:
 
“Sadəcə, qlobal siyasi oyun gedir, bir növ bütün dünya üzrə bir qumar gedir. Tramp və Putin öz kartlarını masaya qoyur. Hər ikisi də öz siyasi məqsədlərinə çatmağa çalışır.”
 
Gələcəkdə nə olacağını bilmək çətindir...
 
“Mən də axırda dəqiq nə olacağını bilmirəm, amma bu oyunda hər iki tərəf də öz mövqeyini müdafiə edir...” deyə Zərdüşt Əlizadə, dünyanın siyasi vəziyyətindəki qeyri-müəyyənliklərə işarə edib.
 
Fərqli media yanaşmaları...
 
Sonda, politoloq, media təhlillərinin fərqli yanaşmalarına da toxunub:
“Amerikapərəst mətbuat yazır ki, Tramp güclü addım atdı. Rusiyapərəst media da yazır ki, Trampın sözləri Putinin heç vecinə də deyil...”
 
Sultan Laçın
Seçilən
19
moderator.az

1Mənbələr