Moskva Ermənistan və Azərbaycan rəhbərliyinin ABŞ tərəfinin vasitəçiliyi ilə Vaşinqtonda görüşünü müsbət qiymətləndirir. Rusiya ümid edir ki, bu, sülhün inkişafına kömək edəcək.
Referans xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz regional təhlükəsizlik üçün bu əsas məqsədə nail olmağa töhfə verən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Cənubi Qafqaz respublikaları liderlərinin Vaşinqtonda görüşü müsbət qiymətə layiqdir. Ümid edirik ki, bu addım sülh gündəminin irəliləməsinə kömək edəcək", - diplomat qeyd edib.
Zaxarova vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında barışıq maraqlar balansına əsaslanmalı və regional kontekstdə birləşdirilməlidir.
"Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və qüvvəyə minməsi iki Cənubi Qafqaz respublikası arasında sülhün bərqərar olması üçün mühüm əhəmiyyət kəsb edəcək. İki ölkə arasında barışıq regional kontekstə inteqrasiya edilməli və maraqlar balansına və tərəflərin və qonşu dövlətlərin prioritetlərinə qeyd-şərtsiz hörmətə əsaslanmalıdır", - deyə diplomatlar qeyd ediblər.