TBİLİSİ, 9 avqust. TELEQRAF
“Ermənistan və Azərbaycanı ABŞ-də əlamətdar sülh razılaşmasının imzalanması münasibətilə təbrik edirəm”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuşavili “X” hesabında yazıb.
Spiker sənədin imzalanmasını tarixi hadisə adlandırıb.
“Bu, regional sülhə və firavanlığa böyük ziyan vuran onilliklər ərzində davam edən münaqişəyə son qoyacaq barışıq yolunda tarixi bir addımdır. Prezident Trampın vasitəçiliyi ilə bağlanmış saziş yeni fəsil aça, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün dönüş nöqtəsi ola və regional əməkdaşlıq üçün imkanlar yarada bilər”, - Ş.Papuaşvili yazıb.
Parlament sədri Ermənistan, Azərbaycan və ABŞ-ni mühüm nailiyyət münasibətilə təbrik edib, Cənubi Qafqaz regionunun bütün potensialını reallaşdırmaq üçün birgə işləməyi səbirsizliklə gözlədiyini vurğulayıb.