AZ

Türkiyənin hakim partiyası: Vaşinqtonda imzalanan Birgə Bəyannamə region üçün tarixi dönüş nöqtəsidir  

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin türk dövlətləri ilə əlaqələr üzrə müavini Kürşat Zorlu Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməni alqışlayıb.

AZƏRTAC xəbər verir ki, K.Zorlu şənbə günü sosial şəbəkələrdəki paylaşımında bu sənədin imzalanmasının regionda davamlı sülhə və sabitliyə gedən yolda “tarixi dönüş nöqtəsi” olacağına ümid etdiyini bildirib.

O, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasının vacibliyini vurğulayıb. “Ermənistan ərazisindən keçən dəhlizin açılması ticarətin inkişafında və regionun rifahında ciddi rol oynayacaq”, -deyə siyasətçinin bəyanatında bildirilir.

K. Zorlu Şuşa Bəyannaməsinin məzmununu xatırladıb. Qeyd edib ki, Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını, həmçinin Azərbaycanla Türkiyəni birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və bu dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına mühüm töhfələr verəcək.

Türkiyənin hakim partiyasının sədr müavini vurğulayıb: “Dəhlizin Ermənistan hissəsindən istifadə ölkələrimizə Xəzər dənizi vasitəsilə ticarət tədarükü potensialını tam reallaşdırmağa imkan verəcək, türk dövlətlərinin inkişafında, o cümlədən ticarət, enerji və turizm sahələrində yeni sıçrayışın əsasını qoyacaq. Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanındadır və qardaş ölkənin sülh yolunda tarixi mübarizəsinə həmişə köməklik göstərəcək”.

 

Seçilən
22
2
azerbaijan-news.az

3Mənbələr