AZ

Tarixi sənədlərin imzalanması DÜNYA GÜNDƏMİNDƏVİDEO

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan tarixi anlaşma bütün dünyanın diqqət mərkəzindədir.

Xarici işlər naziri Ceyhun Bayramovla Türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub. Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki hesabında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sazişi alqışladığını bildirib. Hökumət başçısı qeyd edib ki, bu hadisə onilliklər boyu münaqişələr və insan əzabları yaşamış regionda - Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının başlanğıcıdır.

İranın xarici işlər nazirliyi də Azərbaycan və Ermənistan arasında sülhü alqışlayıb. Nazirliyin açıqlamasında bildirilib ki, iran azərbaycan və ermənistan arasında sülhü alqışlamaqla yanaşı, ümumi sərhədlər yaxınlığında xarici müdaxilənin istənilən forma və növünün mənfi nəticələri barədə xəbərdarlıq edib. Bəyanatda qeyd olunub ki, islam respublikası cənubi qafqaz regionundakı cari tendensiyaları diqqətlə izləyir və bu hadisələrlə bağlı hər iki qonşu ölkə - azərbaycan  və ermənistanla əlaqə saxlayır. Nazirlik ümumi sərhədlər yaxınlığında regionun təhlükəsizliyini və uzunmüddətli sabitliyini pozan istənilən formada və növdə xarici müdaxilənin mənfi nəticələri ilə bağlı narahatlığını ifadə edib.

Fransa da Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı qətiyyətli irəliləyiş hesab edib və tərəflərin ATƏT-in Minsk Qrupu strukturlarının ləğvinə başlamaq üçün birgə çağırışını dəstəklədiyini ifadə edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sazişi yüksək qiymətləndirib, ABŞ-nin vasitəçilik rolunu və Qazaxıstanın töhfəsini vurğulayıb. Tokayevin sözlərinə görə, bu sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və diplomatik münasibətlərin qurulmasına, onlar arasında davamlı sülh əsasında əməkdaşlığın inkişafına yol açıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Donald Trampı, Prezident İlham Əliyevi və Nikol Paşinyanı əlamətdar sülh sazişinin paraflanması və regionda sabitlik və iqtisadi inkişafın yeni dövrünün başlanması münasibətilə təbrik edib. O bildirib ki, Gürcüstan bu tarixi anı - Ermənistan və Azərbaycan, eləcə də region və bütün dünya üçün mühüm hadisəni alqışlayır.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi "X" hesabında paylaşım edərək Azərbaycan və Ermənistanı təbrik edib. Onun sözlərinə görə, Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır.

NATO-nun mətbuat katibi Allison Hart Şimali Atlantika Alyansının Azərbaycan və Ermənistan arasında barışığı alqışladığını və hər iki ölkə ilə işləməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, NATO bu hadisələri "regional təhlükəsizliyə doğru mühüm addım" hesab edir.

Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi mariya zaxarova da Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib və Rusiyanın Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, ən vacib şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarının nəzərə alınmasına əsaslanan hərtərəfli normallaşmasıdır.

Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma dünya mətbuatının da gündəmindədir. Dünyanın "Reuters", "Vashiqton Post", Politico, "France24", "Global Nyus" kimi nüfuzlu nəşrləri və xəbər agentlikləri bu tarixi hadisəni işıqlandırıb və regionda sülh yolunda atılmış mühüm addım adlandırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
97
50
xezerxeber.az

10Mənbələr