AZ

"Ölkəmiz qarşısında böyük imkanlar açılır..." - İlham Əliyev Baydeni ittiham etdi, Trampla şəxsi münasibətlərindən danışdı (MÜSAHİBƏNİN TAM MƏTNİ, VİDEO)

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.

Vüsal Mətləb, AzTV-nin müxbiri: Xoş gördük, cənab Prezident. Siz Amerika Birləşmiş Ştatları Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkədə səfərdəsiniz və bu gün Azərbaycanda hər kəs Vaşinqtondan xəbərlər gözləyir. Odur ki, bu müsahibəyə görə təşəkkür edirik. İcazənizlə, suallara keçək.

Cənab Trampla görüşünüzü və Amerika Birləşmiş Ştatları-Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin əhəmiyyətini və ümumilikdə bu səfərin nəticələrini necə qiymətləndirərdiniz?

Prezident İlham Əliyev: Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.

Oubai Şahbandar, AnewZ televiziyasının müxbiri: Cənab Prezident, bu gün kifayət qədər əlamətdar bir gün oldu. Tarix yazıldığı bir gündür, Siz və Baş nazir Paşinyan Nobel Mükafatı Komitəsinə birgə məktub göndərmək niyyətindəsiniz. Prezident Trampın Sizin strateji baxışınızı və liderliyinizi, eləcə də Sizin Prezident Trampın bu gün imzalanan Memoranduma gətirib çıxaran uzaqgörən liderliyini təriflədiyinizi eşitdik. Bildiyiniz kimi, Prezident Tramp üçün şəxsi münasibətlər çox önəmlidir. Siz öz liderliyinizlə Prezident Trampın liderliyi arasındakı münasibətləri, həmçinin şəxsi münasibətləri necə qiymətləndirərdiniz? Konqresin onillər əvvəl ABŞ-ın Azərbaycana yardımını qadağan edən 907-ci düzəlişin ləğv olunması, Prezident Trampı görmək Sizin üçün nə dərəcədə əhəmiyyətlidir? Bu, Azərbaycan və ABŞ üçün yeni bir mərhələdir?

Prezident İlham Əliyev: Tamamilə doğrudur, bu, bizim birinci görüşümüz idi. Çox xoş və nəticəyönümlü görüş idi. Mən cənab Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir. Bu gün mətbuat konfransında dediyim kimi, bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur. Bu baxımdan, mən onunla olan şəxsi münasibətlərimizi yüksək dəyərləndirirəm və ümid edirəm ki, növbəti illərdə bu münasibətlər ölkələrimiz arasında olan dövlət münasibətlərinə də müsbət təsir edəcəkdir.

Abbasəli Yadigarov, AZƏRTAC-ın müxbiri: Cənab Prezident, bu gün çox önəmli sənədlər imzalandı. Hamıya yaxşı məlumdur ki, İkinci Qarabağ müharibəsində Zəfərdən sonra sülh müqaviləsi təşəbbüsünü məhz Azərbaycan irəli sürmüşdür. Bu baxımdan, bu gün imzalanan sənədlərin əhəmiyyətini necə şərh edərdiniz?

Prezident İlham Əliyev: Bəli, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq. Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq.

Vüsal Mətləb: Cənab Prezident, Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında bəzi şərtlər qoymuşdunuz. Onlardan birincisi ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı idi. Hansı ki, bu gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Baş katibinə bununla bağlı müraciət imzaladılar. İkinci şərt Ermənistanın əsas qanunundan - Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı idi. Bu, indiki halda nə qədər real görünür?

Prezident İlham Əliyev: Məncə, tam real görünür. Çünki birincisi onu deməliyəm ki, bizim bütün şərtlərimiz tam məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir və hətta danışıqlar zamanı dəfələrlə belə bir məsələ qaldırılmışdı. Bizim isə mövqeyimiz ondan ibarət idi ki, bu, belə qəbul edilməməlidir. Bu, birbaşa bizə aidiyyəti olan məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir, iddiadır. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz.

Oubai Şahbandar: Cənab Prezident, Sizin Vaşinqtona gəlişiniz, sülh sazişini imzalayıb Prezident Tramp ilə görüşməyiniz, Sizi və Azərbaycanı milyonlarla amerikalıya tanıtdı. Onlar bəlkə də ilk dəfədir Sizinlə və Azərbaycanla tanış olurlar. Ola bilsin ki, Azərbaycanın harada yerləşdiyini bilmirlər və ya müəyyən yanlış təsəvvürlərə malikdirlər. Amerika mediasında və beyin mərkəzlərində bəzilərinin irəli sürdüyü narahatedici fikirlərə necə cavab verərdiniz? Məsələn, Qarabağda xristianların qorunub-qorunmayacağı barədə narahatlıqlar var. Zəngəzur dəhlizinin əhəmiyyəti nə dərəcədədir – təkcə Azərbaycan üçün deyil, həm də Amerikanın ticarət maraqları üçün, xüsusən də “Tramp ticarət marşrutu”nun qurulacağını nəzərə alsaq?

Prezident İlham Əliyev: Bilirsiniz, uzun illərdir Azərbaycan ABŞ mediasında demonlaşdırılıb, Prezident Trampın ədalətli şəkildə “saxta xəbər” adlandırdığı media orqanlarında. “Washington Post”, “New York Times”, “Newsweek” və digər media qurumları müntəzəm olaraq Azərbaycan haqqında şayiələr yayır, bizə hücum edir, təhqiramiz məqalələr dərc edir və Amerika ictimai rəyini yanlış istiqamətə yönəldirdilər. Bunu əsasən erməni lobbi nümayəndələri edirdi. Elə həmin qrup bu gün erməni maraqlarına qarşı çıxış edir. Bu gün baş verənlərə sevinmək əvəzinə tamamilə məyusdurlar, çünki onların gündəliyi tamamilə fərqlidir. Məhz onlar işğala görə məsuliyyət daşıyırlar. Çünki onların ideyaları, məsləhətləri, pulları və müxtəlif erməni hökumətlərinə təsiri Ermənistanın özündə dağıdıcı rol oynadı. Əgər onlar və onlara bənzər qruplar olmasaydı, Ermənistan daha inkişaf etmiş, müstəqil və möhkəm dövlət sisteminə malik bir ölkə olardı. Onlar isə sadəcə, vaxt itirdilər. Vaxtlarını bizim torpaqlarımızın işğalına sərf etdilər, amma sonda bu işğalı əbədi saxlaya bilmədilər və inkişaflarında 30 il itirdilər.

Oubai Şahbandar: Enerji sahəsində də daha çox Amerika investisiyası görəcəyik, xüsusilə də, tarixi imzalanma mərasimində Kris Raytın iştirakını nəzərə alsaq. Əlbəttə ki, SOCAR ilə “Exxon” arasında imzalanan Anlaşma Memorandumu da bu istiqamətdə mühüm addımdır.

Prezident İlham Əliyev: Əlbəttə. Dünən “Exxon” və SOCAR arasında əməkdaşlıq haqqında imzalanmış bu Anlaşma Memorandumu əminəm ki, əhəmiyyətli bir layihə ilə nəticələnəcək.

Müxbir: Çox təsirlidir, çox sağ olun, cənab Prezident.

MİA.AZ

Seçilən
86
22
mia.az

10Mənbələr